QƏHRƏMANLARIMIZI TANIYAQ VƏ TANIDAQ


2 mart 2015-ci il tarixdə Universitetin Tələbə Gənclər Təşkilatının təşkil etdiyi “ Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” adlı layihəyə uyğun olaraq tədbir keçirilmişdir. Universitetin akt zalında dəyirmi masa ətrafında keçirilən bu tədbirdə  80 nəfər tələbə iştirak etmişdir.
Hər bir tədbirdə 10 nəfər milli qəhrəmanımız haqqında məlumat verilməsi nəzərdə tutulmuşdur. Bu dəfə də tələbələrə Azərbaycanın Milli Qəhrəmanları olan Akif Ələkbərov, Arif Qədiməliyev, Anatoli Nikolayev, Albert Aqarunov, Araz Səlimov, Alı Mustafayev, Aqil Məmmədov, Aqil Musayev, Arif Qubadov və Aqil Quliyevin həyatı, döyüş yolları haqqında məlumatlar verilmişdir.
İqtisadiyyat və idarəetmə fakültəsinin III kurs tələbəsi Firuzə Nağıyeva və Pedaqoji fakültənin  III kurs tələbəsi Əfsanə Mövlayeva çıxış edərək həmin qəhrəmanların öz fədakarlıqları və Vətənini, torpağını, xalqını müqəddəs tutmaları  ilə gəncliyə nümunə olduqlarını bildirmişlər.  Xüsusilə vurğulamışlar ki, fəxr etdiyimiz bu qəhrəmanlar Azərbaycanın bütövlüyü uğrunda canlarından keçərək, şəhidlik zirvəsinə ucalmışlar.
Tədbirin sonunda qəhrəmanlarımızdan bəhs edən video-çarx nümayiş etdirilmişdir.