Qərb bölgəsinin universitet tələbələrinə miqrasiya qanunvericiliyinin tələbləri izah olunub

Gəncə Regional Miqrasiya İdarəsinin əməkdaşları tərəfindən Gəncə Dövlət Universitetinində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin maarifləndirilməsi ilə bağlı təşkil olunmuş görüşdə miqrasiya qanunvericiliyinin tələbləri izah olunub.
Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva tədbiri açaraq bildirib ki, keçirilən görüş hər bir tələbənin maariflənməsi üçün çox əhəmiyyətlidir.
Maarifləndirici tədbirdə Gəncə Regional Miqrasiya İdarə rəisinin müavini Orxan Xıdırov, Miqrasiya rejiminə nəzarət və qeydiyyat bölməsinin rəisi Vüsal Xəlilov, Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsinin inspektoru Azad Namazov və Maliyyə təminat və təchizat şöbəsinin inspektoru Əhməd Rzaquliyev məruzə ilə çıxış ediblər.
Tədbirdə iştirak edən Gəncə Dövlət Universitetində və Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alan əcnəbi tələbələrə miqrasiya proseslərinin idarəolunmasında “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən Dövlət Miqrasiya Xidmətinin funksiyaları izah olunub. Ölkəmizə gələn əcnəbilərin respublikamızda olma və yaşamalarını leqallaşdırmalarının qanunvericiliyin tələbi olduğu diqqətə çatdırılıb.
Qanunsuz miqrasiya halları ilə mübarizə sahəsində əldə olunmuş nəticələrə toxunulub. Qanunsuz miqranta çevrilməmələri üçün Azərbaycana təşrif buyuran hər bir əcnəbinin miqrasiya ilə bağlı müvafiq prosedurlara əməl etmələrinin vacibliyi əsaslandırılıb.
Tələbələrə keçirilən maarifləndirmə tədbirində ölkəmizdə həyata keçirilən miqrasiya siyasəti haqqında geniş məlumat verilib. Bildirilib ki, əcnəbilər ölkəmizdə 10 gündən artıq qalmaq istədikləri halda respublikaya gəldikləri vaxtdan 10 gün ərzində DMX-nin regional miqrasiya idarələrinə birbaşa müraciət edərək və yaxud elektron qaydada qeydiyata düşmələri təmin edilməlidir.
Əsaslar olduğu halda Azərbaycanda müvəqqəti yaşamaq üçün icazənin verilməsi qaydaları izah olunub.
Tələbələrlə təşkil olunmuş görüşdə İnzibati Xətalar Məcəlləsindəki yeniliklər haqqında da danışılıb. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görülməməsinə, Azərbaycan Respublikasında olması, yaşaması, yaxud ölkə ərazisindən tranzitlə keçməsi qaydalarının pozulmasına görə müəyyən olunmuş inzibati məsuliyyətdən bəhs olunub.
Tələbələr görüşə görə minnətdarlıq ediblər.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.