REKTOR KOMANDA ÜZVLƏRİNİ QƏBUL ETDİ

Gəncə Dövlət Universitetində tələbələr 2015-ci ildən etbarən respublika yarışlarında iştirak etmək üçün  “Bizim sahibkarlıq fəaliyyətimiz (Enactus)” beynəlxalq proqramı üzrə çalışmağa başlayıblar. 30-dan çox tələbəni əhatə edən komanda bir il ərzində səy göstərmiş, hazırladıqları layihələr ilə 26-27 may 2016-cı il tarixdə Bakı şəhərində “Bizim sahibkarlıq fəaliyyətimiz (Enactus)” beynəlxalq proqramı üzrə keçirilən tələbə gənclərin “Enactus Milli Yarışı”nda  iştirak etmişlər. Komandanın fəaliyyəti bəyənilmiş, “Ən yaxşı social layihə” hazırladıqlarına görə Azərbaycan Respublikasının Prezidentinin yanında Gənclər Fondunun İcraçı direktoru Fərhad Hacıyevin və “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyinin sədri Kamal Məmmədlinin imzası ilə diploma və kuboka layiq görülmüşdür.

01 iyun 2016-cı il tarixdə universitetin rektoru professor Yusif Yusibov komandanın üzvlərini qəbul edib, qazandıqları nailiyyətə görə təbrikini bildirmişdir. Komandanın kapitanı tarix müəllimliyi ixtisasının IY kurs tələbəsi Turqan Əliyev rektora bir il ərzində gördükləri işlər, layihələr, Bakı şəhərində keçirilən yarış və gələcək planları haqqında geniş məlumat vermişdir. Bəzi ehtiyacları bildirməklə yanaşı universitetin şərəfini bundan sonra da öz əməli fəaliyyətləri ilə qoruyacaqlarını xüsusilə vurğulamışdır.

Səmimi keçən görüşdə universitetin Elm və innovasiyalar üzrə prorektoru dosent Pərvin Kərimzadə iştirak etmişdir.