Rektor Yusif Yusibov: Gənc müəllimlərin öz fənninə və onun tədrisinə böyük məsuliyyətlə yanaşması əsas tələbdir

Gəncə Dövlət Universitetində çalışan hər bir müəllimin, xüsusən gənc kadrların öz fənninə və onun tədrisinə böyük məsuliyyətlə yanaşması əsas tələbdir. Bu günün müəllimi tədris etdiyi fənnin dərinliklərinə mükəmməl yiyələnməli, hər zaman mütaliə etməli, elmi axtarışlar aparmalı, işini rəqbət mühitində qurmalı və beləliklə də tədris etdiyi fənnin qlobal səviyyədə qarşısında duran çağırışlara cavab verməyi bacarmalıdır. Auditoriyalarda keçilən mühazirə, seminar və laborator məşğələlər müasir təlim texnologiyalarına və tədris vasitələrinə əsaslanmaqla, fərqli metod və yanaşmaların tətbiqi ilə sadə və anlaşıqlı formada tələbələrə izah edilməlidir. Gənc müəllimlər tədris prosesində həm də etik davranışları ilə öz tələbələrinə nümunəvi vətəndaş  olmağın modelini nümayiş etdirməlidirlər. Bu cür yanaşma həm müəllim peşəsinin daxili tələbindən, həm də Azərbaycan cəmiyyətində müəllim adına verilən yüksək mənəvi qiymətdən irəli gəlir.

Mətbuat və ictiamiyyətlə əlaqələr xidməti xəbər verir ki, bu fikirləri universitetin rektoru, professor Yusif Yusibov Alman dili kafedrasının gənc müəllimi Xanım Camalzadənin açıq dərsini dinlədikdən sonra tədris olunan fənnin müzakirəsində səsləndirib.

Pedaqoji fakültədə Təhsildə sosial-psixoloji xidmət ixtisasının tələbələri üçün keçirilən açıq dərsdə həmçinin fakültənin dekanı, dosent Bayram Apoyev, Alman dili kafedrasının müdiri Elvin Atakişiyev, ixtisas müəllimləri, pedaqoq və psixoloqlar iştirak ediblər.

Gənc müəllimə Xanım Camalzadə  “Eine Reise nach Deutschland” (Almaniyaya səyahət) mövzusunda keçdiyi fənni interaktiv metodlara əsaslanaraq müasir tədris vasitələrinin köməkliyi ilə təqdim edib.  Sonra açıq dərsin müzakirəsi  kafedrada davam etdirilib.

Sonda universitet üzrə tədrisin keyfiyyətinə nazarət komissiyasının üzvləri tərəfindən dinlənilən açıq dərs qənaətbəxş qiymətləndirilib.