RESPUBLİKA BƏDİİ YARADICILIQ FESTİVALINDA GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ TƏLƏBƏLƏRİNİN UĞURU

Azərbaycan  xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə  onun xatirəsinə ehtiram əlaməti olaraq ali, orta və ilk peşə ixtisas təhsili müəssisələrinin şagird və tələbələrini milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda incəsəsnət sahəsindəki istedadları üzə çıxarmaq və inkişaf  etdirmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil  İşçiləri  Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin qərarına əsasən bədii yaradıcılıq festivalına baxış müsabiqəsi Gəncə Dövlət Universitetində də keçirilmişdir.

Baxış müsabiqəsinin münsiflər heyətində sədr Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət  Universitetinin  rektoru, professor  Fərəh  Əliyeva, üzvlər Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Azərbaycan Respublikasının xalq artisti Təranə Muradova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin  müəllimi, bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Nailə Mirməmmədli, şair, kinodramaturq, Azərbaycan Respublikasının  əməkdar  incəsənət  xadimi Baba Vəziroglu, kinorejissor, senarist, aktyor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Şeyx Əbdül, Beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Milli Konservatoriyasının müəllimi, tarzən  Arslan  Növrəsli  və təşkilat komitəsinin üzvü, Azərbaycan Təhsil İşçiləri  Azad  Həmkarlar  İttifaqı Respublika Komitəsinin Mədəni-kütləvi və  idman  işləri  şöbəsinin müdiri Rüstəm Nəzərov tələbələrin çıxışlarını dinlədilər.

Müsabiqədə universitetin Tarix və coğrafiya fakültəsinin tələbəsi Çinarə Hümbətova Musa Urudun  “Heydər Əliyev” , Bulqeyis Quliyeva “Azərbaycan” adlı şerlərilə, Pedaqoji fakültənin tələbələri Yaqub Yaqubzadə “Alagöz” , “Rast” instrumental qrupunun müşayiəti ilə Fərid İsgəndərov “Zərif gülüşlüm” ,  Şükran Abdullayev  isə “Şahnaz təsnifi” , Günay Quliyevanın müşayiəti ilə Ələkbər Dumanlı tarda “Papuri”, Murad Qəmbərli qarmonda “Mart yallısı” , Sübhan Xəlilov klarnetdə  “Libertanqo” , Xarici dillər  fakültəsinin tələbəsi Şövkət Orucova “Je veux- Mən istəyirəm” , “Ozan” folklor ansamblı “Söz olur” , “Sarı gəlin” , “Gəncəm” vokal  qrupu  Azərbaycan  xalq və bəstəkar mahnılarından ibarət “Popuri”, Tələbə xor kollektivi “Odlar ölkəsi” və “İgidlər mahnısı” ilə çıxışlar etmişlər.

Konsert proqramının müvəffəqiyyətlə həyata keçməsində Gəncə Dövlət Universitetinin Musiqi fənləri kafedrasının baş müəllimi Nüşabə Seyfullayeva, tələbə AHİK sədri Pərviz Adıgözəlov, xormeyster Zemfira Məmmədova, dirijor Leyla Nəbiyeva, vokal üzrə Azərbaycan Respublikasının əməkdar artisti Sevinc İbrahimova, konsertmeysterlər Şövkət Bayramova, Günay Tağıyeva, Amin İsmayılov,  xoreoqraf  Süleyman Dəmirov böyük əmək sərf etmişlər.

Tələbələr universitet rəhbərliyinin göstərdiyi böyük diqqət və qayğının sayəsində universitetin bədii yaradıcılıq kollektivlərinin bu günkü professional səviyyəyə çatdığını, onların müxtəlif  festival və müsabiqələrdən qələbə ilə qayıtmasının  artıq  xoş  bir  ənənəyə çevrildiyindən bəhs etdilər. Onlar qeyd etdilər ki, biz inanırıq ki, bu festivaldan da qələbə ilə qayıdacağıq. Tələbələrin böyük inamı,  onlara  universitet rəhbərliyi tərəfindən  göstərilən diqqət və qayğının nəticəsində onlar bu festivaldan da qələbə ilə qayıtdılar.

Azərbaycan  xalqının  Ümummilli  lideri  Heydər  Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalının yekun konserti 02 may 2017-ci il tarixdə Azərbaycan  Dövlət  Musiqili  Komedya  Teatrının binasında keçirilmişdir. Respublika üzrə keçirilən festivalda Gəncə Dövlət  Universitetinin  xor  kollektivi  və  “Ozan”  folklor  ansamblı  Respublika ali məktəb tələbələri arasında  I yerə, Pedaqoji  fakültənin I kurs tələbəsi Sübhan Xəlilov alətdə solo ifasına  görə III yerə layiq görülmüşdürlər. Festivalda iştirak edən Universitetin 5 nəfər digər tələbələri isə diplomla təltif ediləcəklər.