RESPUBLİKA GÜNÜNƏ HƏSR EDİLMİŞDİR

Gəncə Dövlət Universitetində 28 May – Respublika Günü münasibətilə elmi-praktiki konfrans keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan konfransı universitetin rektoru professor Yusif Yusibov giriş sözü ilə açaraq qeyd etdi ki, Azərbaycan  iki əsrdən çox Rusiyanın müstəmləkəsi olmuşdur. Ancaq xalqımız azadlığını müqəddəs bilmiş, daim müstəqilliyə qovuşmaq üçün mübarizə əzmini itirməmişdir.

Məlumdur ki, XX əsr tarixə yalnız elm, texnika əsri kimi yox, həm də milli oyanış, keçmiş SSRİ xalqlarının müstəmləkəçilikdən azad olmaları və milli dövlətlərini yaratmaları əsri kimi də daxil olmuşdur. 1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar sülaləsi məhv edildikdən sonra 1918-ci il mayın 28-də Azərbaycanda Demokratik Cümhuriyyət elan edildi. Müstəqillik əldə etmiş Azərbaycan bütün Şərqdə dövlət atributları – bayrağı, himni, gerbi qəbul edilən ilk demokratik respublika, parlamentli dövlət idi. Onun üç rəngli bayrağında türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdət kəsb etmişdir. Ancaq Azərbaycanda Demokratik Cümhuriyyət cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanın müstəqilliyini  əlindən alıb yenidən müstəmləkəyə çevirdi.

Respublika Günü – dövlət müstəqilliyinin bərpası günü – 1990-cı ildən əbədiyyət qazana bildi. 28 may  xalqımızın əsl bayramına çevrildi.

Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyevanın  “28 May-Azadlıq və müstəqillik günüdür”, Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadənin “28 May milli iftixar, milli qurtuluş günümüzdür” mövzusunda etdikləri çıxışlarda tariximizə qısa bir nəzər salındı, xalqımızın azadlıq, müstəqillik arzuları, əzmkarlığı, mübarizliyi nəzərə çatdırıldı.

Qeyd olundu ki, ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi bir şəraitdə yaranaraq cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq xalqımızın yaddaşına tariximizin ən parlaq səhifələrindən biri kimi əbədi həkk olunmuşdur.

XX əsrin 90-cı illərində Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşa da, çətin ictimai-siyasi proseslər məngənəsində idi. Xarici siyasətdə yaşanan uğursuzluqlar, ölkədə hökm sürən xaos və anarxiya müstəqilliyin yenidən itirilməsi təhlükəsini gündəmə gətirmişdi. Amma 1993-cü ilin iyununda Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi bütün təhlükələri aradan qaldırdı.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən həyata keçirilən müasir inkişaf strategiyası Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, dövlətimizin qüdrətinin artırılmasına dəyərli töhfələr verməkdədir.

Məruzələrdən sonra Filologiya fakültəsinin II kurs tələbəsi Orxan Əliyevin ifasında ”Azərbaycan”, Gülnar Mollayevanın və Çinarə Ələkbərovanın ifasında ”Sən vətən əsgəri, türk əsgərisən”, İ kurs tələbəsi Zümrüd Məhərrəmovanın ifasında ”Bir daha yüksələn bayraq, bir daha enməz” şeirləri səsləndi. Tələbələrdən ibarət bədii özfəaliyyət kollektivinin çıxışları elmi-praktiki konfransı daha da canlandırdı, zalda əsl bayram əhval-ruhiyyəsi yaratdı.