Respublikamızın qərb bölgəsindəki alman dili müəllimləri üçün seminar – təlimlərə başlanılıb

“Alman Dili Müəllimləri” İctimai Birliyinin və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə respublikamızın qərb bölgəsindəki ümumtəhsil məktəblərində və universitetlərdə alman dili fənnini tədris edən müəllimlər üçün seminar – təlimlərə başlanılıb.

“Alman Dili Müəllimləri” İctimai Birliyinin üzvü, Azərbaycan Dillər Universitetinin Alman dilinin fonetikası və qrammatikası kafedrasının müdiri Qahirə Axundova Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinə bildirib ki, tədbirin keçirilməsində məqsəd 2018-ci ilin oktyabrında təsis edilən “Alman Dili Müəllimləri” İctimai Biriliyinin hazırki və gələcək fəaliyyəti haqqında məlumat vermək, həmçinin alman dilini tədris edən müəllimlərin nəzəri və praktiki fəaliyyətlərində qarşılaşdıqları problemləri müəyyən etməkdir.

Bildirilib ki, Birliyin məqsədi Azərbaycanın ümumtəhsil və ali məktəblərində alman dili fənnini tədrsi edən müəllimləri öz ətrafında birləşdirməkdir.

Sonra respublikanın qərb bölgəsində ilk dəfə olaraq “Alman Dili Müəllimləri” İctimai Birliyinin təqdimatı olub.

Bildirilib ki, Birliyin əsas məqsədi öz ətrafında daha çox alman dili fənnini tədris edən müəllimləri birləşdirmək, həmin müəllimlərin nəzəri və praktik təcrübədə qarşılaşdıqları problemləri aşkarlamaq və onların həllinə nail olmaqdır.

Çıxışlarda vurğulanıb ki, Birliyin məqsədlərindən biri də cəmiyyətimizdə gənclərin alman dilinə olan marağının ildən ilə artmasına baxmayaraq bu dilin ümumtəhsil məktəblərində və universitetlərdə tədrisinin azalması səbəblərini müəyyənləşdirmək və yaranmış paradoksun aradan qaldırılması üçün təhlillər aparmaq və təsirli təşəbbüslərlə çıxış etməkdir.

“Alman Dili Müəllimləri” İctimai Birliyinin təqdimatından sonra almaniyalı və avstriyalı mütəxəssilərin iştirakı ilə Gəncə Dövlət Universitetinin, eləcə də respublikanın qərb bölgəsində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin alman dili müəllimləri üçün3 müxtəlif mövzularda və fərqli istiqamətlərdə seminar –təlim keçilib.

Alman dili dərslərində akademik yazı, Alman dilinin tədrisində rəqəmsal multimedia vasitələrindən istifadə və Milad ənənələrinin dərsdə tədrisi mövzularını əhatə edən təlim – seminarlar Alman Akademik Mübadilə Xidməti DAAD-ın nümayəndəsi Mara Liza Gezer, Avstriya Akademik Mübadilə Xidmətinin Azərbaycandakı nümayəndəsi Ştefani Matser, Alman Dilinin Tədrisi Mərkəzində təcrübəçi müəllim Liza Brandt tərəfindən keçirilib.