RİYAZİYYAT-İNFORMATİKA FAKÜLTƏSİNİN TƏLƏBƏLƏRİ XOCALI FACİƏSİ HAQQINDA ONLİNE TƏDBİR KEÇİRİB

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar fevralın 19-da  Gəncə Dövlət Universitetinin Riyaziyyat-informatika fakültəsinin tələbələri online tədbir təşkil ediblər. Keçirilən anım tədbirinin iştirakçıları əvvəlcə Vətənimizin azadlığı uğrunda canlarından keçən igid həmvətənlərimizin, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxışında bildirib ki, Azərbaycan xalqının tarixinə qanla yazılmış Xocalı faciəsindən 29 il ötür. Xalqımızın yaddaşında tariximizin ən faciəli günlərindən biri kimi dərin iz buraxmış Xocalı faciəsinin ildönümü universitetdə də silsilə tədbirlərlə qeyd olunur. Anım tədbirində prorektor Gülsüm Fətəliyeva   erməni millətçilərinin keçmiş sovet ordusunun 366-cı alayının köməyi ilə 29 il əvvəl Xocalıda törətdikləri qırğının acı nəticələri barədə danışıb. Bildirib ki, ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri amansız qətliam bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətdir. Xocalı haqqında həqiqətlərin üzə çıxarılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti tərəfindən bütün zəruri addımlar atılıb. Bu gün yaşadığımız 44 günlük qələbədə Azərbaycanın prezidenti, Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz öz sözünü bütün dünyaya dedi. Biz əzəli torpaqlarımızı düşmən tapdağından azad etdik. Prorektor Gülsüm Fətəliyeva onu da qeyd etdi ki, bizlər və siz gənclər azad olunmuş torpaqlarımızı bərpa etmək üçün hər zaman birlik olub Ali Baş Komandanın ətrafında “Dəmir Yumruq” olmalıyıq.

Riyaziyyat-informatika fakültəsinin dekanı  Oruc Hüseynov Xocalı qətliamı insanlığa qarşı yönəlmiş amansız cinayət olduğunu məruzəsində bildirərək, erməni millətçilərinin xalqımıza qarşı zaman-zaman həyata keçirdikləri soyqırımı siyasətindən ətraflı bəhs edib. Xocalı faciəsinin dəhşətli nəticələrindən tələbələrə geniş məlumatlar verib.

Riyaziyyat-informatika fakültəsinin Riyazi analiz kafedrasının baş müəllimi Nurəngiz Bəşirova vurğulayıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində törədilən faciə erməni ekstremistlərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun illər davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir. 

Sonda Riyaziyyat-informatika fakültəsinin tələbələrinin hazırladığı ədəbi-bədii kompozisiya dinlənilib.