SƏRGİDƏ GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ DƏ TƏMSİL OLUNMUŞDUR

7 oktyabr 2016-cı il tarixdə Bakı şəhərinin Ekspo Mərkəzində 10-cu Yubiley Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılışı olmuşdur.9 oktyabr tarixədək keçiriləcək  və 118 müəssisənin iştirak edəcəyi sərgi Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunmuş yeganə tədbirdir ki, sərgi çərçivəsində ziyarətçilərə bakalavriat, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil və MBA proqramı, o cümlədən işgüzar xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunacaqdır.

Ziyarətçilər sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, qəbula daha yaxşı hazırlıq, sənəd qəbulu müddəti, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanı qazanacaqlar. Eyni zamanda  Almaniya, Latviya, Litva, Polşa, Macarıstan və digər ölkələrin ali təhsil müəssisələri, kollec və digər təhsil qurumlarının nümayəndələri sərgi ziyarətçilərini təhsil proqramları ilə tanış edəcəklər.  Sərgidə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, “CELT Colleges” Azərbaycanı təmsil edəcəklər. Gəncə Dövlət Universiteti də öz töhfələri ilə  iştirakçı qismindədir.

Sərgidə rektorun baş müşaviri dosent Asif Cavadov, fəxri professor  Şaiq Məmmədov, Tələbə Həmkarlar Komitəsinin sədri Pərviz Adıgözəlov və İnforrmatika kafedrasının baş müəllimi  Vasif Həsənovdan ibarət nümayəndə heyəti tərəfindən Universitetin elmi nailiyyətlərini əks etdirən eksponatlar, yeni nəşrlər, idman, intellektual yarışlar və musiqi sahəsində alınan kuboklar, sertifikatlarlar, tələbələrin rəsm əsərləri, həmçinin fəxri professor Şaiq Məmmədovun əl işləri nümayiş etdirilmişdir. Universitet haqda geniş məlumatlar 6 dildə nəşr edilmiş bukletlər və təbliğat xarakterli məmulatlar vasitəsilə  ziyarətçilərə çatdırılmışdır.

Azərbaycan Respublikasının Təhsil Nazirinin müavini Ceyhun Bayramov Gəncə Dövlət Universitetinin sərgi nümunələrini və nümayəndə heyətinin fəaliyyətini xüsusilə qiymətləndirmişdir.