Şagirdlər universitet alimləri ilə birgə elmi araşdırma aparacaqlar

Ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri Gəncə Dövlət Universitetinin (GDU) alimləri ilə birgə elmi tədqiqata başlayacaqlar.

Bu barədə Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov Elmi Şuranın 30 noyabrda keçirilən iclasında məlumat verib.

Bildirilib ki, son illərdə GDU-nun Gəncə şəhərindəki baza təhsil müəssisələri olan ümumtəhsil məktəbləri ilə əməkdaşlığı genişlənib. Bu məqsədlə şəhərin Mehdi Mehdizadə adına 4 saylı və Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəblərində universitetin təcrübə və karyera mərkəzləri fəaliyyətə başlayıb. Mərkəzlər avadanlıq və kompüterlərlə təchiz edilib. Həmin mərkəzlərdə universitetin professor-müəllim, gənc doktorantları və magistirləri tərəfindən geniş auditoriya üçün seminarlar, nümunəvi açıq dərslər, eləcə də müxtəlif təlimlər keçirilib.

Qeyd edilib ki, bu cür əməkdaşlıq həm universitetin professor-müəllim heyəti, həm də ümumtəhsil məktəblərinin müəllim-şagird kollektivi və valideynlər tərəfindən böyük rəğbətlə qarşılanıb.

Gələn ildən isə baza məktəblərinin IX-XI sinif şagirdləri həm də universitet alimlərinin rəhbərliyi ilə birgə tədqiqat mərkəzlərində və laboratoriyalarda elmi araşdırma aparacaqlar.

Rektor Yusif Yusibov deyib ki, layihənin icrasında məqsəd baza təhsil müəssisələri ilə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək, yuxarı sinif şagirdlərində erkən yaşlarından elmi araşdırma bacarıqları formalaşdırmaq, həmçinin onlarda elmin ayrı-ayrı sahələrinə həvəs yaratmaqdır.