Sibirli riyaziyyatçı alim universitetin qonağı olub

Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin S. L. Sobolyov adına Riyaziyyat İnstitutunun və Novosibirsk Dövlət Universitetinin professoru İvan Anatolyeviç Maltsev Gəncə Dövlət Universitetinin qonağı olub.

Alimlə görüşən universitetin rektoru, professor Yusif Yusibov qonağı salamlayıb,  ötən il 80 illik yubileyini təntənə ilə qeyd edən, respublikamızın Qərb bölgəsində yüksək ixtisasli pedaqaji kadrlar hazırlanmasında zəngin təcrübəyə malik Gəncə Dövlət Universitetinin keçdiyi inkişaf yolu haqqında məlumat verib.

Bildirilib ki, son illərdə təhsilin bütün istiqamətləri üzrə inkişaf edən universitetdə, elmin ayrı-ayrı sahələrində, eləcə də dəqiq elmlər üzrə yüksək nəticələr qeydə alınıb. Son 5 ildə elmin bu sahəsi üzrə alimlik dərəcəsi alan gənc alimlərə elmi tədqiqatlarını aparmaq məqsədilə hərətərəfli şərait yaradılıb. Həmçinin universitet alimlərinin “ Web of Sciences” bazasında, bir çox nüfuzlu elmi jurnallarda dərc olunan məqalələrinin sayı artıb.

Universitetin beynəlxalq əlaqələrinin coğrafiyasından danışan rektor Yusif Yusibov universitetlər arasındakı akademik mobilliyi, birgə beynəlxalq konfransların və seminarların təşkilini, həmçinin bir sıra qarşılıqlı elmi əməkdaşlağı hər bir ali təhsil müəssisəsinin gələcək inkişafı və ümumdünya təhsil sisteminə inteqrasiyası baxımından yüksək dəyərləndirib.

Azərbaycanın bir sıra elmi və ali təhsil müəssisələrində, eləcə də Gəncə Dövlət Universitetində olmaqdan məmnunluğunu ifadə edən professor İvan Anatolyeviç Maltsev səmimi qəbula görə universitet rəhbərliyinə minnətdarlığını bildirib, kollektivə uğurlar arzulayıb.

Görüşün sonunda alimə 75 illik yubileyi münasibəti ilə Gəncə Dövlət Universiteti adından, rektor professor Yusif Yusibov tərəfindən imzalanmış təbrik ünvanı təqdim olunub.

Sonra alimin universitetin Riyaziyyat –informatika fakültəsində mühazirəsi təşkil edilib.

Universitetin Cəbr və həndəsə kafedrasının müdiri İlqar Cabbarov alimi kollektivə təqdim edib.

Bildirilib ki, İvan Anatolyeviç Maltsev bütün dünyada məşhur olan Maltsev riyaziyyatçılar ailəsinin ən görkəmli nümayəndələrindən biri, riyaziyyatın cəbr sahəsində dünyada geniş tanınan bir elm adamı, eyni zamanda mahir bir pedaqoqdur.

Fizika-riyaziyyat elmləri doktoru, professor, təhsil sahəsində Rusiya Federasiyası hökumətinin mükafatı laureatıdır. Onun atası akademik Anatoli İvanoviç Maltsev 20-ci əsrin ən görkəmli cəbrçi-riyaziyyatçılarından sayılır. Ata Maltsev dünyada olduqca məşhur elm mərkəzlərindən biri kimi tanınan SSRİ EA Sibir Bölməsinin yaradıcılarından biridir. Maltsevlər ailəsindən onlarca insan indi həm öz vətənləri Rusiyada, həm də bütün elm aləmində geniş tanınırlar.

İvan Anatolyeviçin əsas elmi-tədqiqat obyekti cəbrin, çoxqiymətli məntiqin və diskret riyaziyyatın birgə istifadə olunması sahələridir. Xeyli elmi əsərin, o cümlədən üç dərsliyin və bir sanballı, elm aləmində mühüm mənbə hesab edilən monoqrafiyanın müəllifidir. Alim beynəlxalq aləmdə çox gənc yaşlarında geniş tanınmağa, nüfuz qazanmağa başlayıb. Hələ sovet dövründə, Almaniya Federativ Respublikasının Kayzerslautern Universiteti onu bir professor kimi mühazirələr oxumağa dəvət edib ki, bu da sovet dövründə çox mühüm bir hadisə idi.

Vurğulanıb ki, İvan Anatolyeviç yeni riyaziyyatçılar nəslinin yüksək səviyyədə yetişməsinə xeyli vaxt ayırır. Daima məktəblilərlə işləyir, tez-tez olimpiadaların keçirilməsini təşkil edir. Maltsevlər ailəsi bizim ölkəmizdə də riyaziyyatın cəbr, riyazi məntiq, topologiya sahələrinin inkişafında mühüm rol oynayıblar. “Cəbr və riyazi məntiq” ixtisası üzrə elmi dərəcə alan ilk azərbaycanlı alim İsmayıl Əliyev Anatoli İvanoviç Maltsevin aspirantı olub. Müasir cəbr məktəbinin Azərbaycanda əsasını qoymuş məşhur cəbrçi alimimiz Rauf Bayramov da Maltsev məktəbinin yetirməsidir

Qeyd edilib ki, azərbaycanlı riyaziyyatçıların hələ ötən əsrin 70-ci illərindən başlayaraq Maltsevlər ailəsinin ayrı-ayrı üzvləri ilə qurulan dostluq əlaqələri Azərbaycan riyaziyyat elminə öz töhfələrini verməkdədir. Məhz həmin alimlərin bugünkü yetirmələri dəfələrlə İvan Anatolyeviçin yanında müxtəlif kurslarda, tədbirlərdə iştirak edib, qiymətli tövsiyələr alıblar. 

Sonra professor İvan Maltsevin universitetin gənc alimləri, aspirant və doktorantları üçün “Sonlu qiymətli məntiq cəbrlərinin müasir məsələləri” mövzusunda keçdiyi mühazirəsi dinlənilib.

Sonda riyaziyyatçıları maraqlandıran suallar cavablandırılıb.