SINAQ DƏRSLƏRİ DAVAM EDİR

Gəncə dövlət Universitetinin Riyaziyyat və informatika fakültəsinin informatika müəllimliyi ixtisası üzrə III kurs tələbələri Məhəmməd Hadi adına 10 saylı tam orta məktəbdə pedaqoji təcrübədədirlər. Onlar təhsil müddətində aldıqları bilikləri nümayiş etdirir, müəllimlik peşəsinə praktik surətdə yiyələnirlər. Hər bir tələbə bu məsələyə məsuliyyətlə yanaşdığından onların uğurları da sevindiricidir. Deyilən açıq dərslər gələcək mütəxəssislərin peşəkarlıqlarına böyük ümid verir. İnformatika ixtisasının  III kurs tələbəsi Şəlalə Məmmədovanın açıq dərsi də bu qəbildəndir.
Məktəbin 1-ci sinfində “Hərəkətlər və hadisələr ardıcıllığı” mövzusunda açıq dərs nünayiş etdirən Şəlalə Məmmədova dərsə verilən müasir tələblərə təmkinlə əməl edərək şagirdlərin yeni mövzunu lazımi səviyyədə mənimsəmələrinə nail oldu. Açıq dərsdə iştirak edən fənn rəhbəri dosent Gülmira Verdiyeva və digər iştirakçılar da eyni rəydə olub dərsi qənaətbəxş qəbul etdilər.

Nigar Rəfibəyli adına 43 saylı tam orta məktəbdə isə Xarici dillər fakültəsinin İngilis dili müəllimliyi ixtisasının III kurs tələbəsi  Sehran Əsgərzadənin 9-cu sinifdə “İxtiralar və kəşflər” mövzusunda açıq dərsi oldu. Özünü olduqca sərbəst hiss edən sınaqçı tələbə, həm də nəzəri cəhətdən öyrəndiklərini, məktəbdəki  müşahidələrini əməli surətdə reallaşdırmağa çalışdı. Proyektor, qrup işi vərəqləri, tapmaca tipli suallar, slayd şou, video kimi vasitələr dərsin maraqlı keçməsinə, şagirdlər tərəfindən mənimsənilməsinə, söz ehtiyatlarının zənginləşməsinə, onların fəallığının artmasına imkan yaratdı.
Açıq dərsi izləyən Xarici dillər fakültəsinin dekanı dosent Əjdər Əsgərov, Təcrübə və karyera şöbəsinin müdiri dosent Mahir Məmmədov və şöbənin əməkdaşları, təcrübə rəhbəri, sinif müəllimi öz müsbət fikirlərini söylədilər və deyilən açıq dərsdən razı qaldıqlarını bildirdilər.