ŞUŞANIN İŞĞALINDAN 28 İL ÖTÜR

Azərbaycanın qədim, zəngin tarixə və mədəniyyətə malik şəhəri olan Şuşanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 28 il ötür. Şəhərin işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilmiş, 600 nəfər yaralanmış, 22 min nəfər öz yurdundan didərgin düşmüşdür. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarix-mədəniyyət abidələri düşmən tərəfindən talan edilmişdir. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Onlar bu qədim Azərbaycan şəhərində 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məkəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 müzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar. Ümumilikdə 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçmişdir.

            İşğal altında olan Şuşa şəhəri Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsi olmaqla bərabər xalqımız üçün müstəsna tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyətə malikdir. Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulmuşdur.

            Qeyd edək ki, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəni və dini abidələrin dağıdılması, talan edilməsi və təhqir olunması, mənimsənilməsi və onların görkəminin süni şəkildə dəyişdirilməsi kimi məqsədli siyasəti çərçivəsində yalnız Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə dağıdılmışdır. Məbədlər və məscidlər təhqir olunmuş, vandalizmə məruz qalmış, çox sayda nadir əlyazma nümunələri məhv edilmişdir. Bunların içərisində Pənah xanın sarayı və kitabxanası, Xan sarayı və karvansaray, Aşağı Gövhərağa və Saatlı məscidləri, həmçinin Vaqifin mavzoleyi, Natavanın evi də vardır.

            İşğalçı Ermənistan tərəfi beynəlxalq humanitar hüququnun tələblərinə zidd olaraq Şuşanın işğalı zamanı aparılmış etnik təmizləmənin ardınca orada Azərbaycan tarix-mədəni mirasının məhv edilməsi və tədricən şəhərin mədəni simasının dəyişdirilməsinə yönəldilən cəhdlər də etməkdədir. Onlar Şuşada qeyri-qanuni məskunlaşma apararaq təqribən 4 min nəfərdən artıq soydaşını yerləşdirmişdir. Bir çox abidələr yenidən “bərpa” olunaraq fars məscidi kimi qələmə verilmişdir. Bununla da onlar Şuşanın əzəli Azərbaycan şəhəri olması faktının üzərinə kölgə salmaq niyyətini açıq şəkildə nümyiş etdirirlər.

            Lakin bütün bu cəhdlərin perspektivi yoxdur. Ermənistan tərəfi anlamalıdır ki, ərazilərimizin işğalı yalnız müvəqqəti xarakter daşıyır. Dağlıq Qarabağ bölgəsi Azərbaycanın ayrılmaz hissəsi olub və olacaqdır.

MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR XİDMƏTİ