TƏBRİZ ŞƏHƏRİNƏ 3 GÜNLÜK SƏFƏR

Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə İranın Təbriz şəhərində 3 günlük səfərdə olub.  Təbriz şəhərində Baş konsul Əli Əlizadə qonaqları mehribanlıqla qarşılayıb, gündən-günə möhkəmlənən və genişlənən işgüzar əlaqələrin hər iki ölkəyə layiqli töhfələr gətirəcəyini vurğulayıb.

Nümayəndə heyəti Şərqi Azərbaycanı gəzib, böyük şair Şəhriyarın uyuduğu şairlər məzarlığını, 2007-ci ildə Təbrizin bələdiyyə binasının zirzəmisində yerləşən bələdiyyə muzeyini, Təbriz Cümə Məscidini  ziyarət etməklə yanaşı,  dükanları günbəz və tağtavanla örtülərək vahid bina şəklində əlaqələndirilən  Örtülü bazar kompleksinə, Azərbaycan muzeyinə, Xəqani Şirvani Park kompleksinə və Göy Məscid abidəsinə də baş çəkib, hazırda restavrasiya işləri aparılan dahi şairimiz Nizami Gəncəvinin heykəli və park kompleksinə baxış keçirilib.

Nümayəndə heyətinin Təbriz Dövlət Universiteti ilə tanışlığı xüsusən maraqlı olub. Universitetin rektoru Məhəmmədhüseyn Somi 21 min tələbə və 750-yə yaxın professor-müəllim heyəti olan ali təhsil ocağı ilə Gəncə Dövlət Universiteti arasında tələbə-müəllim mübadiləsinin, elmi işlər üzrə birgə tədqiqatların aparılmasının önəmli olduğunu bildirib. Görüşdə əlaqələrin gücləndirilməsini nəzərdə tutan işçi qrupunun yaradılması barədə razılıq əldə edilib.