TƏDRİS BİNALARINDA TƏMİR İŞLƏRİ YEKUNLAŞDI

Gəncə Dövlət Universitetində az bir zamanda olduqca vacib təmir işləri görülüb başa çatdı. İkimərtəbəli IV tədris binası əslində tədris üçün o qədər də yararlı deyildi. Bina divarlarına qədər sökülüb əsaslı təmirə verildi. Hər iki mərtəbədə bütün pəncərələr dəyişdirilib plastik pəncərələrlə əvəz edildi. Auditoriyalar, müxtəlif məqsədli otaqlar zövqlə təmir edilmiş, qapılar yenisi ilə əvəz olunmuşdur. İstilik sistemi yenidən qurulmuş, auditoriyalar lazımi avadanlıqlarla təmin edilmişdir.

Təkcə binanın daxili yox, zahiri görkəmi, həyəti də gözəlləşdirilmişdir. Bu əslində nəinki tələbələrə, eyni zamanda  müəllim kollektivinə də ən böyük hədiyyədir.

II və III tədris binalarında hər şeydən əvvəl sanitar qovşaqlar təmir edilmiş və yararlı vəziyyətə gətirilmişdir. İndi hər birində təmişlizlik, səliqə-sahman özünü göstərir. III tədris binasında kolidorların döşəmələri dəyişdirilmiş, pilləkənlərə mərmər döşənmişdir. Bir neçə otaq isə təmir edilmişdir. II korpusun birinci mərtəbəsində xüsusi otaqda sağlamlıq üçün lazımi avadanlıqlar quraşdırılmışdır. Burada əməkdaşlar və idmançı tələbələr öz sağlamlıqları ilə məşğul olacaqlar. Həyətdə isə mini futbol meydançasına süni yaşıl örtük salınmış, ətrafa isə oturacaqlar qoyulmuşdur. Artıq futbol, voleybol, basketbol meydançası tam hazır vəziyyətdədir. Bodminton meydançasında da yaxın günlərdə işlər başlanacaqdır.