“TƏHSİLLİYƏM, MƏN DƏ SİZDƏN BİRİYƏM”

18 mart 2016-cı il tarixdə Gəncə Dövlət Universitetində tərəfdaş qismində qoşulduğu Xəzər Universitetinin koordinatorluq etdiyi “Əlilliyi olan şəxslərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” ESFİDİP adlı Tempus layihəsinə əsasən “Təhsilliyəm, mən də sizdən biriyəm” adlı təlim-seminar keçirilmişdir. Tədbirdə müəllim, inzibati işçilər və layihə əsasında yaradılan “Əlilliyi olan tələbələr üçün mərkəz”ə kömək olaraq tələbələrdən ibarət “Dəstək qrupu”nun üzvləri iştirak etdilər.

Əlilliyi olan tələbələrin tədris prosesinə inteqrasiya edilmələri, müəllimlərin, inzibati işçilərin tədris zamanı əlillərlə davranış qaydaları seminar-təlimin əsas mövzu istiqamətləri idi.

Təlim-seminarı giriş sözü ilə Ümumi işlər üzrə prorektor Coşqun Qurbanov açaraq layihənin aktuallığından və dövlətimizin bu sahə üzrə məqsədyönlü diqqət və qayğısından bəhs etdi.

Daha sonra proqrama uyğun olaraq Universitet üzrə işçi qrupunun üzvlərinin təqdimatları dinlənildi. Layihənin yerli koordinatoru, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov, “Əlilliyi olan tələbələr üçün mərkəz”in direktoru, işçi qrupunun üzvü Farizə İsmayılzadə və layihənin işçi qrupunun digər üzvü pedagogika kafedrasının baş müəllimi Lamiə Nağıyeva çıxış edərək layihə, bu sahədə öyrənilmiş beynəlxalq təcrübə və əlilliyi olan tələbələr üçün normativ hüquqi aktlar çərçivəsində tədrisin təşkili haqqında bəhs etdilər. Tədbirdə Əlillər Təşkilatları İttifaqı Gəncə filialının rəhbəri Elmira İsmayılova, həmin filialın hüquqşünası Kənan Məmmədov və Azərbaycan Karlar Təşkilatının Gəncə şəhər Birliyinin sədri Anjela Şakaraşvili iştirak edirdilər. O da qeyd edildi ki, yaxın aylarda əlillərə dəstək olmaq məqsədi ilə pilot layihə həyata keçiriləcəkdir.