Tələbə və şagirdlər arasından qaliblər mükafatlandırılıb

Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan rayon məktəbliləri arasında keçirilən fənn olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə həmçinin universitetin ictimai həyatında yaxından iştirak edən, eyni zamanda çoxsaylı yerli və beynəlxalq əhəmiyyətli mədəni-kütləvi, idman tədbirlərində öz xüsusi bacarıqları ilə seçilən müəllim və tələbələr də mükafatlandırılıb.
Tədbirdə universitetinin professor-müəllim heyəti, məktəb müəllimləri, tələbələr, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mükafatlandırma mərasimində çıxış edən Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent Fəxrəddin Məmmədov bildirib ki, hazırda yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi, eləcə də onların intellektual və fiziki inkişafının təmin olunması üçün hər cür şərait yaradılıb.
“Son illər gənclərimizin respublikamızın həyatında fəal iştirakı, gənc istedadların dövlət qayğısı ilə əhatə olunması gənclər siyasətinin həyata keçirilməsi istiqamətində görülən tədbirlərin tərkib hissəsidir. Biz gənclərimizlə fəxr edirik. Bu gün yetişən gənc nəsil Azərbaycanı gələcəkdə idarə edəcək, müstəqillik yolu ilə xoşbəxt gələcəyə aparacaq” – deyə F.Məmmədov qeyd edib.
Bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman Baş İdarəsinin və Regional Debat Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Gənclər Debat Formu Payız 2017”-nin final oyununda region komandaları ilə mübarizə aparan universitetin “Daltonlar” komandası oyunun qalibi olub.
Həmçinin 2017-ci il mayın 15-də keçirilən ali təhsil müəssisələri arasında respublika çempionatında universitetin “Futzal” komandası ikinci yerə layiq görülüb.
Sonda universitetin rektoru professor Yusif Yusibovun müvafiq əmri ilə hər bir yarışmada qalib gələn tələbələr və qərb rayonlarının məktəbliləri “Fəxri Fərman”la təltif edilib, hədiyyələrlə mükafatlandırılıb.