Tələbələr Mirzə Şəfi Vazeh Muzeyində

Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə tələbələr Mirzə Şəfi Vazeh Muzeyinə ekskursiya ediblər.

Muzeyin ekspozisiya zalı ilə tanış olan tələbələrə bələdçilər tərəfindən məlumat verilib ki, son illər sosial-iqtisadi və mədəni inkişafının coşğun dövrünü yaşayan Nizami yurdunda Prezident İlham Əliyevin tapşırıqlarına əsasən tarixi-mədəni irsin qorunması və təbliği istiqamətində görülən işlər uğurla davam etdirilir.

Bildirilib ki, Mirzə Şəfi Vazeh 1794-cü il iyunun 14-də Gəncədə anadan olub. Erkən yaşlarından poeziyaya böyük həvəs göstərən Mirzə Şəfi mədrəsədə dinin əsaslarını öyrənib, burada təhsilini başa çatdırdıqdan sonra isə ərəb və fars ədəbiyyatı, Azərbaycan və rus klassiklərinin əsərləri, sufilik fəlsəfəsi ilə dərindən maraqlanıb. Ərəb və fars dillərini öyrəndikdən sonra Şərqin bir çox klassiklərinin yaradıcılığı ilə yaxından tanış olub.

Tələbələrə muzeydə görülən işlərlə bağlı məlumat verilib.

Bildirilib ki, şəhərin “Gülüstan” ərazisində yerləşən muzeyin inşasına 2016-cı ilin martında başlanıb və tikinti işləri 2017-ci ilin noyabrında sona çatdırılıb. Milli memarlıq üslubunda inşa olunan muzeyin ətrafında Mirzə Şəfi Vazehin adını daşıyan park salınıb.

Mirzə Şəfi Vazeh Muzeyi ilə tanışlıq universitetin Filologiya  fakültəsinin tələbələrinin marağına səbəb olub və onlarda böyük təəssürat yaradıb.