TEMPUS (ESFİDİP) LAYİHƏSI ÇƏRÇİVƏSINDƏ AVROPADA TƏLİMLƏR


Universitetimizin iştirak etdiyi “Əlilliyi olan şəxslərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFİDİP) adlı Tempus layihəsi çərçivəsində tərəfdaş olduğumuz Avropa universitetlərində yerli əməkdaşların iştirakı ilə təlimlər keçirilmişdir. Təlimlərdə yerli üzv təşkilatlardan bir nəfər olmaqla Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Sumqayıt Dövlət Universitetinin təmsilçiləri, eləcə də Əlil Təşkilatları İttifaqının, Təhsil Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi əməkdaşları da iştirak edirdilər.
Layihənin iş planına uyğun olaraq Universitetimizin beynəlxalq əlaqələr şöbəsinin müdiri və bu layihənin yerli koordinatoru Ruslan Məmmədov fevral ayının  ilk beş günlüyündə Yunanıstan Respublikasının Makedoniya Universite tində iştirak etdi.
Fevral ayının 15-19-u arası Avstriya Respublikasının Graz Universitetində keçirilən növbəti təlimdə Universitetimizi beynəlxalq əlaqələr şöbəsinin baş metodisti Farizə İsmayılzadə, Polşa Respublikasının Lodz Universitetində fevral ayının 15-19-u arası keçirilən təlimdə isə informatika kafedrasının müəllimi Vasif Həsənov təmsil etmişdir.
Təlimlərdə Avropa ölkələrindən olan ekspertlər əlillərlə iş üzrə mərkəzlərin iş funksiyası və istifadə olunan avadanlıqlar barədə məlumat vermişlər. “Əlilliyi olan şəxslərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” adlı Tempus layihəsinə üzv olan ali təhsil müəssisələrində əlilliyi olan şəxslərlə daha səmərəli işləmək üçün  mərkəzlərin açılması  nəzərdə tutulmuşdur.