Universitet əməkdaşları beynəlxalq seminarda təmsil olunublar

Avropa Komissiyasının Erasmus+ proqramına əsasən “PETRA -Azərbaycan universitetlərində öyrənmə və təlimin təkmilləşdirilməsi” layihəsi çərçivəsində Türkiyə Respublikasında beynəlxalq seminar keçirilib. Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, Türkiyə Respublikasının Qazi Universitetində keçirilən seminarda Beynəlxalq əlaqələr şöbəsinin müdiri  Ruslan Məmmədov, İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov, İnnovasiya texnologiyalarının transferi və marketinqi şöbəsinin müdiri Razim Əliyev və Beynəlxalq əlaqələr şöbəsinin baş metodisti Farizə İsmayılzadə təmsil ediblər.

Seminarın keçirilməsində məqsəd layihənin iş paketinə uyğun olaraq təlim və təhsildə innovativ metodlarla tədrisin təşkili, beynəlxalq təcrübənin öyrənilməsi və layihəyə üzv olan Azərbaycanın universitetlərində tətbiq etməkdir.

Seminarın açılış mərasimində çıxış edən Qazi Universitetinin prorektoru professor Yaşar Aydemir, professor Adnan Kan və professor Salih Şahin 5 gün müddətində görüləcək işlərlə bağlı ümumi məlumat veriblər. Professor Özlem Yağbasan Qazi Universitetinin keçdiyi inkişaf yolundan danışıb.

Sonra qonaqlar universitet nəzdində yerləşən İdarəetmə ofisləri, tədris və tədqiqat laboratoriyaları, həmçinin universitet kitabxanası ilə yaxından tanış olublar.

Seminarın ikinci günü nümayəndə heyəti universitetin Beynəlxalq proqramlar üzrə keyfiyyətin təminatı və qiymətləndirilməsi mərkəzində olublar. Nümayəndə heyətinə universitet əməkdaşları tərəfindən mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Həmin gün qonaqlar tarix ixtisasında köç mövzusu üzrə keçirilən dərsin iştirakçısı olublar. Dərs interaktiv təlim metodu sayılan “rollu oyunlar” formasında təşkil edilib.

Daha sonra nümayəndə heyəti Əlillərə fərdi yanaşma mərkəzində olublar. Universitet əməkdaşları qonaqları mərkəzin fəaliyyəti haqqında ətraflı məlumatlandırıblar. Həmçinin GDU-nun Əlilliyi olan Tələbələr üçün Mərkəzi ilə QU-nun Əlillərə fərdi yanaşma mərkəzinin birgə fəaliyyəti haqqında ilkin razılığa gəlinib.

Daha sonra nümayəndə heyəti Təhsil Elmləri İnstitutuna gələrək buranın iş prinsipi ilə tanış olub və gələcək əməkdaşlığın forması haqqında müzakirə aparıblar.

Seminarın üçüncü günü nümayəndə heyəti müxtəlif ixtisaslar üzrə: fizika, kimya və elmin tarixi fənlərində professorlar tərəfindən keçirilən ustad dərslərində iştirak ediblər.

Seminarın dördüncü günü Valensiya Politexnik Universitetinin təmsilçisi, layihənin koordinatoru Xavier Orozço layihənin müddətində nəzərdə tutulan fəaliyyət planı və maliyyə sənədləşməsi ilə bağlı çıxış edib.

Seminarın sonuncu günü isə nümayəndə heyəti professor Salih Şahinin rəhbərliyi altında keçirilən coğrafiya fənninin tədrisi ilə bağlı “ərazi araşdırması” dərsinə qoşulublar. Bu zaman heyət universitet tərəfindən ayrılmış avtobus ilə Ankara-Qızılcahamam-İşıq dağı marşurutu ilə hərəkət edərək icra edilən dərsin planını müşahidə ediblər.

Qeyd edək ki, Qazi Universitetində keçirilən beynəlxalq seminara Gəncə Dövlət Universiteti ilə birgə Xəzər Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Sumqayıt Dövlət Universiteti və Naxçıvan Dövlət Universitetinin əməkdaşları da qoşulub.

Ankara şəhərində təşkil olunmuş seminarda yerli tərəfdaşlardan başqa layihənin koordinatoru Valensiya Politexnik Universiteti (İspanya), Debrecen Univeristeti (Macarıstan) və Viyana Sosial Elmlər Universitetinin (Avstriya) əməkdaşları da iştirak ediblər.