Universitet əməkdaşlarının əməkhaqları artırılacaq

Gələn il yanvarın 1-dən Gəncə Dövlət Universiteti (GDU) əməkdaşlarının sosial təminatının daha da yüksəldilməsi məqsədilə aylıq əməkhaqları artırılacaq.

Bu barədə Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov Elmi Şuranın noyabrın 30-da keçirilən iclasında məlumat verib.

Bildirilib ki, son 3 ildə GDU-nun əməkdaşlarının vəzifə maaşları və vəzifə maaşlarına əlavələr 2 dəfə artırılıb. Bununla belə professor-müəllim və tədris köməkçi heyətin həvəsləndirilməsi, onların öz işlərini müasir dövrün tələbləri səviyyəsində qurması, ən əsası isə maddi təminatlarının yüksəldilməsi məqsədilə əməkhaqlarının artırılması universitet rəhbərliyi tərəfindən məqsəd kimi qarşıya qoyulub.

2017-2018-ci tədris ili üçün Dövlət İmtahan Mərkəzi tərəfindən aparılan ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələrinə görə Gəncə Dövlət Universiteti respublika üzrə ali təhsil müəssisələri arasında  95 faiz nəticə göstərib və 3-cü yerə yüksəlib. Bu GDU üzrə son 10 ildə ən yüksək qəbul göstəricisi olmaqla yanaşı, həm də təhsil müəssisəsindəki plan yerlərinin tam dolmasına və qarşıya qoyulan məqsədlərə daha tez çatmasına şərait yaradıb.

Bildirilib ki, 2018-ci ildə universitet əməkdaşlarının aylıq əmək haqlarında 2 mərhələ üzrə artım olacaq. Birinci mərhələdə  universitetin professor-müəllim heyətinin, eləcə də prorektor, dekan, kafedra müdirləri və şöbə rəhbərlərinin vəzifə maaşları və vəzifə maaşlarına əlavələr artırılacaq. İkinci mərhələdə isə tədris-koməkçi heyətin və digər əməkdaşların maaşlarına artım tətbiq ediləcək.

Diferensial qaydada hesablanan əmək haqlarında müəllim, baş müəllim, dosent, fəlsəfə doktoru və elmlər doktorlarının aylıq vəzifə maaşları və vəzifə maaşlarına əlavələrdə ümumi olaraq 50-300 manat artım olacaq.

Hazırda universitet üzrə orta aylıq əmək haqqı 396 manat təşkil edir. Artım üzrə yeniliyin tətbiqi ilə universitet büdcəsinin 70 faizi aylıq əmək haqqı fonduna yönəldiləcək. Həmçinin əmək haqqının yeni artımından sonra universitetdə işləyən elmlər doktoru-professorların aylıq maaşı 1200 manat təşkil edəcək.

Qeyd edək ki, hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 oktyabr 2012-ci il tarixli müvafiq qərarına əsasən dövlət sifarişi ilə kadr hazırlığı həyata keçirilən dövlət ali təhsil müəssisələrində çalışan bütün işçilərin əməkhaqqı müəssisənin rəhbəri ilə işçi arasında mövcud əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq bağlanmış müqavilə əsasında sərbəst müəyyənləşdirilir.