Universitet-məktəb əməkdaşlığı davam edir

Gəncə Dövlət Universitetinin ümumtəhsil məktəblərində təbliği məqsədilə professor-müəllim heyəti üzvlərindən yaradılmış işçi qrupunun şəhərin 12, 14 və 31 nömrəli tam orta məktəblərində yuxarı sinif şagirdləri ilə görüşü keçirilib.

Bu barədə işçi qrupun sədri, Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri Allahverdi Quliyev Mətbuat və ictimaiyyətə əlaqələr xidmətinə məlumat verib.

Bildirilib ki, universitetin rektoru, professor Yusif Yusibovun müvafiq əmrinə əsasən ali təhsil müəssisəsinin uğurlarının daha geniş təbliği məqsədilə işçi qrup yaradılıb və şəhərin ümumtəhsil məktəblərində məktəbin pedaqoji kollektivi, yuxarı sinif şagirdləri və valideynlərlə görüşlər təşkil edilib.

Əvvəlcə Gəncə Dövlət Universitetinin uğurlarını özündə əks etdirən videoçarx izlənilib.

Sonra görüş iştirakçılarına universitetdə tədris prosesinin təşkili, elmi-tədqiqat işləri, eləcə də dünyanın qabaqcıl ali təhsil müəssisələri ilə qurulmuş qarşılıqlı faydalı əməkdaşlıq və həyata keçirilən bir sıra beynəlxalq layihələr, akademik mobilllik proqramları haqqında ətraflı məlumat verilib.

Universitetin elmi kadr potensialının yüksək olduğunu deyən Allahverdi Quliyev bildirib ki, hazırda universitetdə 1 nəfər AMEA-nın Müxbir üzvü, 15 elmlər doktoru, 190 fəlsəfə doktoru, 16 professor, 144 dosent olmaqla ümumilikdə 541 professor-müəllim heyəti təlim-tədris və elmi tədqiqat işləri ilə məşğul olur. Universitetdə 8 fakültə, 1 əlavə təhsil fakültəsi fəaliyyət göstərir. Bakalavr və magistratura səviyyələrində 41 ixtisas üzrə 6 min tələbə təhsil alır.

İşçi qrupun üzvü, Qrammatika və İngilis dilinin tədrisi kafedrasının müdiri Mehdi Rəhimov son illərdə Xarici dillər fakültəsində təhsil alan tələbələrin praktik xarici dil bacarıqlarının inkişafı istiqamətində görülmüş işlərdən danışıb.

Alman dili kafedrasının müdiri Elvin Atakişiyev universitetdə bu ixtisas üzrə həyata keçirilən kadr hazırlığından danışıb. Alman dilinin bir fənn kimi universitetin fəaliyyətə başladığı ilk illlərdən tədris olunduğunu deyən E. Atakişiyev diqqətə çatdırıb ki, eyni adlı kafedra ilk dəfə 20015-ci ildən fəaliyyətə başlayıb. Qısa müddətdə Almaniyanın bir sıra qabaqcıl universitetləri ilə qarşılıqlı əməkdaşlıq əlaqəsi qura Alman dili kafedrasında hazırda Alman Akademik Mübadilə Xidməti (DAAD) həyata keçirilir. Bu ixtisasın kadrlara qazandırdığı üstünlüklərdən də danışan Elvin Atakişiyev vurğulayıb ki, Gəncə Dövlət Universiteti respublikamızın qərb regionunda  yeganə ali təhsil ocağıdır ki, ölkəmizin ali təhsil müəssisələri üçün yüksək ixtisaslı alman dili müəllimləri hazırlayır.

Şagirdlərə universitetdə keçirilən kütləvi-mədəni tədbirlər, xüsusən tələbələr tərəfindən böyük maraqla qarşılanan könüllü qış və yay məktəbləri, çoxsaylı sərgilər, müsabiqələr, tələbə konfransları, təqdimatlar və digər maarifləndirici tədbirlər haqqında geniş məlumat verilib.

Məktəblərin rəhbərliyi və müəllim kollektivi bu cür görüşlərin keçirilməsini yuxarı sinif şagirdlərinin ixtisas seçimi üçün zəruri olduğunu deyiblər.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.