Universitetdə “Elm ayı” başlayıb

Dekabrın 1-dən Gəncə Dövlət Universitetində “Elm ayı”na start verilib.

Bu barədə Milli Məclisin deputatı, Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə Elmi Şuranın noyabrın 30-da keçirilmiş iclasında məlumat verib.

Bir ay ərzində ali təhsil müəssisəsində həyata keçiriləcək layihələr və görüləcək işlər barəsində danışan Pərvin Kərimzadə bildirib ki, “Elm ayı” universitetdə ayrı-ayrı fakültələrin, kafedraların, professor-müəllimlərin, eləcə də gənc tədqiatçıların və tələbələrin elmi araşdırması ilə tanışlıq və əməkdaşların fəaliyyətinin stimullaşdırılması məqsədi daşıyır.

Qeyd edilib ki, “Elm ayı” çərçivəsində universitetdə yaradılmış komissiya tərəfindən elan olunmuş müsabiqə üçün fakültə və kafedraların, həmçinin professor-müəllimlərin, gənc tədqiqatçı, doktorant və tələbələrin elmi araşdırmaları qiymətləndiriləcək.

Pərvin Kərimzadə deyib ki, “Elm ayı” son bir ildə GDU-da aparılan elmi tədqiqat işlərinin qiymətləndirilməsinə yekun vurmaqla yanaşı, həm də “İlin ən yaxşı fakültəsi”, “İlin ən yaxşı kafedrası”, “İlin ən yaxşı müəllimi”, “İlin ən yaxşı tələbəsi”və “İlin ən yaxşı elmi araşdırması” nominasiyalarının qaliblərini müəyyən edəcək.