UNİVERSİTETDƏ ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLMİŞDİR

30 mart 2016-cı il tarixdə Gəncə Dövlət Uniuversitetinin Əsas binasının akt zalında Azərbaycan xalqının soyqrımı gününə həsr edilmiş elmi-praktik konfrans keçirilmişdir. Soyqırım qurbanları sükutla yad edildikdən sonra konfransı giriş sözü ilə universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Asif Cavadov açaraq qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra ermənilərin törətdikləri vəhşiliklərə, 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdi. Hətta mart soyqırımını, ilkin mərhələdə Şamaxı və İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri dünya ictimaiyyətinə çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılmışdı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd olunmuş, lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan verməmişdir.

Azərbaycan xalqının həyatında faciəli hadisələr barədə tarixi həqiqəti birinci olaraq mərhum Prezidentimiz Heydər Əliyev bəyan etmiş, 1998-ci il martın 26-da Azərbaycanlıların Soyqırımı Günü haqqında Fərman imzalamışdır. Bu sənəd xalqın yaddaşını təzələməklə, onun öz tarixi köklərinə, mənəvi-əxlaqi dəyərlərinə, vətənə məhəbbət duyğularına qaytmasında mühüm rol oynamışdır.

Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə “Azərbaycanlılara qarşı soyqırım siyasətinin tarixi-siyasi kökləri” adlı məruzəsində bu mənfur siyasətin tarixinə nəzər salmışdır. Qeyd etmişdir ki, erməni faşizmi “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanaraq azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirmişlər. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin qəsbkar torpaq iddialarını pərdələmişlər. 1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qanunsuz qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyətində qaldı. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv və şikəst edildi. 1992-ci ilin fevralında isə ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi ilə nəticələndi.
Ümumi tarix kafedrasının baş müəllimi Nərgiz Rəsulova “XX əsrin əvvəllərində Azərbaycanda soyqırım hadisələrinin coğrafiyası, miqyası və xronologiyası” adlı məruzəsində ilk növbədə 1905-1907-ci illərdə ermənilərin Bakıdan başlanan vəhşiliklərinə nəzər saldı və bildirdi ki, bu vəhşiliklər tezliklə planlı surətdə Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar.

Hər iki məruzədə və iştirakçıların çıxışlarında xüsusilə vurğulandı ki, artıq Azərbaycanın məqsədyönlü xarici siyasəti nəticəsində dünya xalqları arasında əsl həqiqətlər aşkar edilmiş, erməni “məzlumluğu”, hiyləgərliyi birmənalı şəkildə anlaşılmışdır. Ermənilərin “Böyük Ermənistan” xülyası iflasa uğramış, onların işğalçı bir xalq kimi tanınmasına nail olunmuşdur. Azərbaycanın ərazi bütövlüyü dünya dövlətlərinin tanıdığı kimi öz müsbət həllini gec-tez tapacaqdır.