UNİVERSİTETDƏ ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib.

Elmi Şuranı universitetin rektoru, professor Yusif Yusibov açaraq son illər Gəncə Dövlət Universitetində qazanılan nailiyyətlərindən danışmışdır. Qeyd etmişdir ki, bu günlərdə daha bir şad xəbər alınmışdır. Universitetin  startap komandası Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə Azərbaycan İnternet Forumu tərəfindən reallaşan “StartupFest 2019” çərçivəsində respublika səviyyəsində keçirilən “Startap Günləri” layihəsinin qalibi olmuşdur. Qeyd edək ki, Gəncə Dövlət Universitetinin Biologiya-Kimya fakültəsinin tələbələrindən ibarət komandanın “DiaDondurma” adlı startap ideyası birinci yerə layiq görülüb. Bundan başqa “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışında Universiteti  təmsil edən Tarix-Coğrafiya fakültəsinin tələbələrindən ibarət komanda   4-cü yerə layiq çıxmışdır. Bu münasibətlə rektor Yusif Yusibov professor-müəllim heyətini təbrik edib və onlara gələcək işlərində  nailiyyətlər  arzulamışdır.

Elmi Şurada qarşıdan gələn payız imtahan sessiyasına hazırlığın vəziyyəti də müzakirə edilmişdir. Rektor  qeyd etmişdir ki, təhsil prosesinin vacib göstəricilərindən olan semestr və dövlət imtahanlarının təşkili, eləcə də imtahanlarda obyektivliyin və şəffaflığın təmini məqsədilə bir çox yeniliklər tətbiq edilib. Bildirib ki, imtahanlarla bağlı tələbələrlə məsləhət saatları təşkil olunsun. Ali təhsil müəssisəsində tələbə məmnunluğunu qazanmağın ən vacib amillərindən biri də tələbələrin tədris prosesində mənimsədikləri elmi-nəzəri və praktiki biliklərin semestr imtahanları ərəfəsində daha şəffaf bir şəkildə tətbiqinə, yaxud nümayiş etdirilməsinə nail olmaqdır. Şəffaf imtahan prosesində öz biliyini realizə etmək tələbənin haqqı, bu cür imtahan prosesini təşkil etmək isə hər bir universitetin başlıca vəzifəsidir. Məhz bu cür yanaşma universitetin nüfuzunu artırar, onun məzunlarının isə yüksək ixtisaslı kadrlar kimi müasir əmək bazarında rəqabətqabiliyyətliliyini təmin edər.

Bildirilmişdir ki, hazırda normativlər toplusunun təkmilləşdirilməsi, təhsildə yeni məzmunun əldə edilməsi, təlim texnologiyalarının və tədris vasitələrinin yeniləşdirilməsi, ali təhsil müəssisəsinin strukturunun və  idarəolunması sisteminin müasir tələblər baxımından modernləşdirilməsi, universitet və fakültə Elmi Şuralarının fəaliyyətinin yenidən təşkili, əmək bazarının tələbatına uyğun kadr hazırlığının təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin səmərliliyinin yüksəldilməsi, maddi-texniki və tədris bazasının müasir tələblərə uyğun qurulması, yeni maliyyələşmə siyasətinin hazırlanıb həyata keçirilməsi istiqamətində mühüm addımlar atılır.

Rektor Yusif Yusibov daha sonra demişdir ki, Gəncə Dövlət Universitetinin çoxminlik kollektivi Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” haqqında sərəncamından irəli gələn, Təhsil nazirliyinin ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsi üçün apardığı islahatlarda və həyata keçirdiyi layihələrdə fəal iştirak edir və qarşıya qoyulan məqsədlərə çatmaq üçün fəaliyyətini davam etdirir.

Sonra  2019-2020-ci tədris ilinin payız  imtahan sessiyasına hazırlığın vəziyyəti və qarşıda duran məsələlər haqqında tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fəxrəddin Məmmədovun, Universitetin baza məktəbləri ilə əməkdaşlığına dair işlər haqqında təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayevin məruzələri dinlənilmişdir.

Axırda rektor Yusif Yusibov  bir sıra mövcud  nöqsanlardan danışmış və onların aradan qaldırılması ilə bağlı  tapşırıqlar vermişdir.

Elmi Şurada cari məsələlərlə bağlı müzakirələr də  aparılmışdır.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti