UNİVERSİTETDƏ “İCBARI TİBBİ SIĞORTA SİSTEMİNİN TƏTBİQİ” MÖVZUSUNDA ONLİNE ŞƏKİLDƏ MAARİFLƏNDİRİCİ TƏDBİR TƏŞKİL EDİLİB

Gəncə Dövlət Universitetində “İcbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda online şəkildə maarifləndirici tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd universitetin professor-müəllim heyətini , əməkdaşlarını icbari tibbi sığorta sistemi, sistemin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə hazırlıq barədə məlumatlandırmaq olub.

Online görüşdə Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva universitet heyətinə İcbari Tibbi Sığorta Agentliyinin Gəncə filialının rəhbəri Azər Dəmirovu təqdim edərək, bu haqda məlumat vermək üçün sözü qonağa vermişdir.

Agentliyin Gəncə filialının rəhbəri Azər Dəmirov ölkə başçısı tərəfindən səhiyyə sistemində son illər aparılan uğurlu islahatların davamı kimi respublikada icbari tibbi sığortanın tətbiqinin səhiyyənin inkişafına töhfə verəcəyini vurğulayıb. O, bildirib ki, onlardan biri də ölkə üzrə icbari tibbi sığortanın tətbiq edilməsi ilə bağlı verilən qərardır.

Azər Dəmirov son illər ölkəmizdə bir sıra tibb müəssisələrinin inşa və əsaslı təmir olunması, maddi-texniki bazalarının gücləndirilməsi, mövcud avadanlıqların bərpası və yenilərinin alınması barədə iştirakçılara məlumat verib. O bildirib ki, icbari tibbi sığortanın tətbiqi ilkin səhiyyə xidmətinin, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşməsinə səbəb olacaq.

Qonaq həmçinin icbari tibbi sığortanın pilot layihə olaraq tətbiqi çərçivəsində tibb işçilərinin əməkhaqları haqqında da çıxış edib. O, pilot layihə olaraq üç regionda tətbiq edilən icbari tibbi sığorta sisteminin müsbət nəticələri və sistemin əhəmiyyəti haqqında danışıb.

Azər Dəmirov icbari tibbi sığorta sisteminin mahiyyəti, xidmətlər zərfi çərçivəsində təminata alınan tibbi xidmətlər, əhali qrupları üzrə sığortahaqları, sığortaolunanların, eləcə də sığortalıların hüquq və vəzifələri barədə çıxış edib.

Sonda universitet heyətini maraqlandıran suallar Agentliyin Gəncə filialının rəhbəri tərəfindən cavablandırılıb.