UNİVERSİTETDƏ “MƏİŞƏT ZORAKILIĞI” MÖVZUSUNDA ONLİNE TƏDBİR TƏŞKİL EDİLİB

Universitetdə dövrümüzün aktual problemi olan “Məişət zorakılığı” mövzusunda  videokanfrans təşkil edilib.

Tədbiri açan  universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva bildirib ki, 27 noyabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına və 23 dekabr 2020-ci il tarixli Təhsil Nazirliyinin “Tədbirlər planının təsdiq edilməsi” barəsində Əmrinə əsasən  təşkil edilmiş bu tədbirin mövzusu  müasir dövrümüzdə dünyanın bir çox ölkələrində aktualdır.

Videokonfransda Sosial fənlər kafedrasının müdiri Asim Məmmədov “Məişət zorakılığı Dövlət və Cəmiyyətin ortaq problemidir”, həmin kafedranın müəllimi Ramin Əliyev “Məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi bazanın beynəlxalq təcrübəyə uyğunlaşdırılması” , Fizika kafedrasının baş müəllimi Südabə Məmmədova “Məişət zorakılığından zərər çəkmiş şəxslərin aşkarlanması və müasir standartlara uyğun yardım xidmətlərinin təmin olunması” , Rus dili kafedrasının dosenti Kübra Ələkbərova “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə sahəsində məlumatlandırma” və universitetin tələbəsi Arzu Xəlilova “Gender bərabərliyi” haqqında məruzələrlə çıxış ediblər.

Məruzəçilər qeyd ediblər ki, qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizə qadın və uşaqların hüquqlarının təmin edilməsini prioritet sayan dövlətlərin bu gün həll etməyə çalışdığı əsas problemlərdən biridir. Son zamanlar cəmiyyətin normal inkişafına mane olan fenomenal bir məsələ ‐ məişət zorakılığı haqqında tez‐tez eşitməyə başlamışıq. Ailədə zorakılıq, olduqca geniş mövzudur, bu, həm kişinin qadına, uşaqlara qarşı zorakılıq etməsidir, eyni zamanda qadının kişiyə  və uşaqlara qarşı zorakılığı, həmçinin ailədəki qocalara təzyiq də ailəiçi zorakılıq adlanır. Qadınlara və uşaqlara qarşı zorakılıq dünya miqyaslı bir bəladır. O nə  coğrafi sərhədlər, nə də yaş hədləri tanıyır və heç bir etnik və ya dini qrup bu bəladan sığortalanmamışdır. Qadınlara və uşaqlara qarşı zorakılıq insanlığın  ən utancverici insan haqları pozuntusu halıdır. Qadınlara qarşı zorakılıq cəmiyyətdə  qadınlara və  kişilərə  fərqli yanaşmadan irəli gəlir. Qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün mühüm məsələlərindəndir. Bu gün ölkəmizdə  qadın hüquqlarının təminatını bir sıra yerli və  beynəlxalq qanunvericilik təmin edir. 1995‐ci ildə Azərbaycan BMT‐nin “Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında” Konvensiyasına  qoşuldu. Azərbaycanda gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinin hüquqi əsasını məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi altında 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyası təşkil edir. Ümummilli lider   Heydər Əliyevin  qadınlara  həssas  diqqət və qayğısından danışan məruzəçilər Ulu öndər tərəfindən  1998-ci ildə “Azərbaycan  qadınlarının rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncamını da bu qayğının təzahürü kimi  dəyərləndirmiş, ulu öndərin siyasi xəttinin  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıblar.

Natiqlər bildiriblər ki, 10 oktyabr 2006‐cı il tarixində Azərbaycan Respublikasının “Gender bərabərliyinin təminatları haqqında” Qanunu qəbul edildi. Qanunun mühüm cəhəti həm keçmişdə, həm də  indi qadınların insan hüquqlarından və fundamental azadlıqlarından istifadə etmələrinə mane olan onlara qarşı müəyyən kök salmış  ayrı-seçkiliyin təzahürlərinin tanıdılıb ortaya qoyulmasıdır. Bu qanuna görə  hüquqi, təşkilati və  digər mexanizmlər vasitəsilə dövlət kişi və qadınların idarəçilikdə və qərar qəbuletmədə bərabər təmsilçiliyə, bərabər imkanların yaradılmasına, gender bərabərliyinin təmin edilməsinə  və  ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına təminat verir. Eyni zamanda cinsi mənsubiyyətə  görə  ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və  qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial  və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir.   Müstəqil Azərbaycanda milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək hər cür ayrı-seçkiliyin qarşısını almağa xidmət göstərir, gender məsələləri ilə bağlı dövlət siyasəti isə qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə  yönəlib. Gender bərabərliyi müasir dövrdə  demokratik cəmiyyətin inkişafının və insan hüquqlarının qorunmasının əsas prioritetlərindən birini təşkil edir. Qeyd olunanlara  əlavə  olaraq 22 iyun 2010‐cu ildə  “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qəbul edilmiş Qanunlar və 27 noyabr 2020-ci ildə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı məişət zorakılığının qurbanı olan şəxslərin sosial və hüquqi müdafiəsi,  eləcə də məişət zorakılığının qarşısının alınması istiqamətində  tədbirlərin gücləndirilməsini nəzərdə tutur.

MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR XİDMƏTİ