UNİVERSİTETDƏ NİZAMİ GƏNCƏVİNİN 880 İLLİK YUBİLEYİNƏ HƏSR EDİLMİŞ ELMİ KONFRANS ONLİNE TƏŞKİL EDİLİB

Gəncə Dövlət Universitetində “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi”nə həsr edilmiş videokanfrans təşkil edilib.

Konfransda çıxış edən Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva tədbirin gündəliyi ilə iştirakçıları tanış edib. Prorektor qeyd edib ki, Prezident İlham Əliyevin dahi Nizami Gəncəvi irsinə göstərdiyi böyük diqqət və qayğı xalqımızın mədəni həyatında çox əlamətdar və təqdirəlayiq hadisədir. Dövlətimizin başçısının Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi dahi şəxsiyyətin yaradıcılığına olan diqqətin bir göstəricisidir.

Prorektor Gülsüm Fətəliyeva vurğulayıb ki,  həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan Ümummilli Lider Heydər Əliyev dahi şair və mütəfəkkir Azərbaycanın klassik ədəbi-mədəni irsinə, Nizami irsinə xüsusilə böyük diqqət və qayğı ilə yanaşıb. Ulu Öndərimizin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” Qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açıb. 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilib. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilib. Prorektor qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyevin Sərancamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli”  elan edilməsi, 880 il bəşəriyyəti öz poetik dünyası ilə heyrətdə qoyan Nizami Gəncəvinin yubileyinin dövlət səviyyəsində keçirilməsi ölkəmizdə milli mədəniyyətə diqqət və qayğının daha bir parlaq nümunəsi olmaqla bərabər, dünyaşöhrətli şairin dühasının əzəmətinə, saf və təmiz bəşəri duyğularına yeni baxış olacaq.

Elmi konfransda universitetin professor-müəllim heyətlərindən olan Əməkdar elm xadimi, professor Xəlil Yusifli “Nizami Gəncəvinin həyatı ilə bağlı mülahizələri” , Vüsal İsgəndərov “Nizami və türkçülük” , Əlimuxtar Muxtarov  “Azərbaycan ədəbiyyatında Nizami Gəncəvi obrazı”, Filologiya fakültəsinin  tələbələri Aytəkin Məmmədova “Nizamidən bir qəsidə” , Rəqsanə Orucova “Nizaminin müdrik kəlamları” haqqında olan məruzələri ilə çıxış ediblər. Natiqlər Dünya şeiriyyətinin Günəştək nur saçan müdrik siması, Şərq poeziyasının ecazkar qüvvəsi Nizami Gəncəvinin özündən sonra yaranmış ümumşərq ədəbiyyatına göstərdiyi təsirdən, əsərlərinin dahi şəxsiyyətin saf, təmiz mənəviyyatından, xeyirxah təbiətindən, bəşəri arzularından, pak niyyətindən xəbər verdiyindən danışıblar.

Tədbirdə çıxış edən digər məruzəçilər qeyd ediblər ki,  Nizami Gəncəvi yaradıcılığı dünya ədəbiyyatı tarixində təkrarolunmaz bir mərhələ, yeni bir tarixi dövr və müdriklik zirvəsidir. Humanist, mütəfəkkir şair kimi şöhrət qazanan görkəmli ədibin əsərləri doqquz yüz ilə yaxındır ki, bədii söz xəzinəsinin incisi kimi bütün nəsillərin mənəvi dünyasına işıq saçır. Nizami Gəncəvi, eyni zamanda təkcə Azərbaycan xalqının deyil, bütün dünyanın sevimli şairi olaraq şöhrət qazanıb.

Bildiriblər ki, Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. Onun ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına təkan verib. Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olub. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülüb, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilib.