Universitetin baza təhsil müəssisələrində şagirdlərin praktiki xarici dil bacarıqlarının inkişafına başlanılıb

Gəncə Dövlət Universitetinin baza təhsil müəssisəsi olan Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbdə şagirdlərin praktiki xarici dil bacarıqlarının inkişafı məqsədilə genişləndirilmiş auditoriya üçün nümunəvi dərs keçirilib.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti bildirir ki, məktəbin 8-ci sinif şagirdləri üçün nəzərdə tutulan dərsdə universitetin Təcrübə və karyera şöbəsinin rəhbəri Mahir Məmmədov, Xarici dillər fakültəsinin dekanı, dosent Əjdər Əsgərov, Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri dosent Mehdi Rəhimov, həmçinin kafedranın və təhsil ocağının ingilis dili müəllimləri iştirak ediblər.

“ Helpful animals” – Köməkçi heyvanlar mövzusunda olan nümunəvi dərs Gəncə Dövlət Universitetinin Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müəllimi Türkan Cəlilova tərəfindən tədris edilib.

Mövzu heyvanların insanların həyatındakı rolundan və bir çox ev heyvanlarının öz sahiblərinə sədaqətindən bəhs edib. Müəllim ayrı-ayrı işçi və ev heyvanlarının faydaları haqqında şagirdlərə maraqlı məlumat verib. Həmçinin bir sıra ev heyvanlarından alınan kənd təsərrüfatı məhsulları, onların insan orqanizminə faydaları və istifadə qaydaları izah edilib.

Sonra mövzu üzrə şagirdlərin yeni bilikləri mənimsəməsini yoxlamaq üçün sorğu keçirilib. Sorğuda fəal iştirak edən qruplara müəllim tərəfindən həvəsləndirici təşəkkürnamə paylanılıb.

Açıq dərs bitdikdən sonra müzakirələrə qoşulan ekspertlər bildiriblər ki, açıq dərs yeni təlim metodları (kurikulum) və tədris texnologiyaları vasitələri əsasında qurulub. Məktəb müəllimləri genişləndirilmiş auditoriya üçün nəzərdə tutulan bu cür nümunəvi dərslərin şagirdlərin praktiki dil bacarıqlarının inkişafına müsbət təsir göstərdiyini qeyd ediblər