Universitetin futzal komandası respublika birinciliyinə vəsiqə qazanıb

Tələbə gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, onların idmana olan həvəsini artırmaq məqəsdilə ali məktəblər arasında futzal üzrə yarış keçirilib.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin qərarına əsasən təşkil edilən yarışlarda Gəncə Dövlət Universitetinin tələbələrdən ibarət komandası da iştirak edib.

Gəncə Olimpiya İdman Mərkəzində noyabrın 1-dən 20-dək keçirilmiş birinci turda Gəncə Dövlət Universitetinin futzal komandası respublikanın qərb bölgəsində fəaliyyət göstərən ali təhsil müəssisələrinin komandaları ilə yarışıb.

Mingəçevir Dövlət Universitetini 6:2 hesabı ilə məğlub edən futzalçılar, Azərbaycan Texnologiya Universiteti ilə görüşdə də eyni üstünlüyü qoruyub saxlayaraq keçirdikləri bütün görüşlərdən qalib ayrılıblar.

Beləliklə, Gəncə Dövlət Universitetinin oğlanlardan ibarət futzal üzrə komandası Qərb bölgəsi ali məktəbləri arasında birinci yeri qazanaraq Bakı şəhərində keçiriləcək futzal yarışının final mərhələsinə vəsiqə qazanıb