UNİVERSİTETİN MƏKTƏBLƏRDƏ İNNOVATİV FƏALİYYƏTİ

28 aprel 2017–ci il tarixdə orta təhsil müəssisələri ilə əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi məqsədilə tədris, elmi-tədqiqat, beynəlxalq əlaqələrin təbliği ilə əlaqədar olaraq universitetin rektoru, professor Yusif Yusibovun 07.03.2017-ci il tarixli əmrinə müvafiq olaraq universitetdə yaradılan işçi qrupunun əməkdaşları dosentlər Mahir Məmmədov, Cavid Bağırzadə və Mehdi Rəhimov Gəncə şəhər 13, 30 və 36 saylı  tam orta məktəblərdə yüksək səviyyəli tədbirlər həyata keçirdilər. Dosentlər bildirdilər ki, orta məktəblərdə keçirilən tədbirlərdə Gəncə Dövlət Universiteti son illərdə qabaqcıl ali təhsil müəssisəsi kimi uğurlu strateji seçimlər edir, şəhərimizin orta ümumtəhsil məktəbləri ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirir. Universitetimiz tələbələrin yüksək səviyyədə təhsil almasını, daim yeniləşən, müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə yiyələnməsini, cəmiyyətin artan tələbatını daha səmərəli ödənilməsini qarşıya məqsəd kimi qoyub. Eyni zamanda, tələbələrin şəxsiyyət kimi inkişaf etməsini, beynəlxalq standartlara cavab verən mütəxəssis kimi formalaşmalarını daim diqqət mərkəzində saxlayır.

Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbdə keçirilən tədbirdə məktəbin direktoru H. Mövlayeva,  Vüqar Veysəlov adına 30 saylı tam orta məktəbin direktoru İ. Həsənov, Aşıq Ələsgər adına 36 saylı tam orta məktəbin direktoru S. Məmmədova çıxışlarında  rektor, professor Yusif Yusibovun göstərişi ilə orta məktəbin kollektivi üçün müxtəlif mövzularda nümunəvi dərslərin tədris edildiyini, universitetin aparıcı kafedralarının müəllim və tələbələrinin pedaqoji təcrübələrini bu məktəblərdə uğurla heyata keçirdiklərini, özlərinin, həmçinin müəllim kollektivlərində fəaliyyət göstərən müəllimlərin əksəriyyətinin Gəncə Dövlət Universitetinin məzunu olduğunu vurğulamış, şagirdlərə də bu ənənəni davam etdirmələrini tövsiyyə etmişdirlər.

Tədbirdə işçi qrupunun üzvləri qeyd etdilər ki, son illərdə universitetin maddi-texniki bazası ildən-ilə genişlənir, beynəlxalq əlaqələrimiz sürətlə inkişaf edir. Bu istiqamətdə aparılan işlər nəticəsində universitetin professor-müəllim heyətinin, bakalavr və magistrlərin, gənc tədqiqatçıların xaricdə elmi araşdırmalar aparmağa və təhsillərini davam etdirməyə geniş imkanlar yaranmışdır. Hər üç görüşdə o da vurğulandı ki, Universitet tərəfindən ardıcıl olaraq orta məktəb şagirdləri üçün fənn olimpiadaları, ekskursiyalar, müxtəlif xarakterli yarışlar və tədbirlər həyata keçirilir. Keçirilən bütün tədbirlərin yüksək səviyyədə təşkilində və həyata keçirilməsində Gəncə şəhər Təhsil İdarəsinin rəisi Zakir Hüseynovun və Metod mərkəzin direktoru Zöhrab Hacıyevin səmərəli fəaliyyəti bir daha qeyd edildi.

Çıxış edən şagirdlər belə bir görüş üçün minnətdarlıqlarını və gələcəkdə ali təhsil almaq üçün Gəncə Dövlət Universitetini seçəcəklərini bildirdilər.

Çıxışlardan sonra Universitetin həyatını əks etdirən video materiallar nümayiş etdirildi, şagirdlərə bukletlər, universitetlə bağlı suvenirlər hədiyyə olundu. Sonda xatirə şəkilləri çəkildi.