“XOCALI SOYQIRIMI” KİTABININ TƏQDİMATI


25 fevral 2015-ci il tarixdə Gəncə Dövlət Universitetində “Xocalı soyqırımı” kitabının təqdimat mərasimi keçirilib. Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş bu kitab Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin təşəbbüsü ilə hazırlanıb nəşr olunmuşdur.
Tədbirdə Türkiyənin Gəncədəki Baş Konsulunun müavini Hüseyn Yurtsever, YAP Gəncə şəhər Təşkilatı İdeoloji şöbənin müdiri Hüseyn Budaqov, Texnologiya Universitetinin rektoru Akif  Süleymanov, Azərbaycan Dövlət Aqrar Universitetinin elmi işlər üzrə prorektoru Nizami Seyidəliyev, KİV-nin nümayəndələri, GDU-nun professor, müəllim və tələbə kollektivi, ziyalılar, fəal gənclər iştirak etmişdilər.
Tədbiri giriş sözü ilə Universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fəxrəddin Məmmədov açaraq qeyd etdi ki, zaman-zaman Azərbaycan xalqına qarşı etnik təmizləmə aparmış, maddi və mənəvi terror hadisələrini törətmiş erməni faşizmi ərazimizin 20 faizini işğal altında saxlayır, bir milyondan artıq yurddaşlarımızı doğma yurdlarından didərgin salmış, qəsb etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini və mədəniyyət abidələrimizi məhv etmişlər. Yerlə yeksan edilən Xocalı şəhəri və orada bir gecə ərzində törədilən qırğın XX əsrin görünməmiş faciəsidir. Dinc, əliyalın  sakinlər, qadınlar, qocalar və uşaqlar vəhşicəsinə qətlə yetirilmişlər. Biz hər şeydən öncə  Xocalı qurbanlarının unudulmaz xatirəsini  bir dəqiqəlik sükutla yad etməliyik.
Fəxrəddin Məmmədov sözünə davam edərək, Xocalı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması , bu faciənin xalqımıza qarşı soyqırım aktı kimi tanınması üçün Azərbaycan dövlətinin zəruri addımlar atdığını , ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu dəhşətli soyqırımına hüquqi-siyasi qiymət verildiyini, fevralın 26-nın “Xocalı Soyqırımı” günü elan edilməsini bir daha  diqqətə çatdırdı.
Dosent Cavid Bağırzadə, baş müəllim Bəxtiyar Məhərrəmov,YAP Gəncə şəhər Təşkilatı İdeoloji şöbənin müdiri Hüseyn Budaqov, Universitetin prorektorları Asif Cavadov, Pərvin Kərimzadə, Xocalı faciələrinin şahidi olmuş Valeh Hüseynov çıxış edərək, Xocalı soyqırımının beynəlxalq aləmdə soyqırım aktı kimi tanınması istiqamətində Prezident cənab İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasətin uğurları, Heydər Əliyev Fondunun prezidenti ,UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın geniş miqyaslı fəaliyyəti, həmçinin 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyasının əhəmiyyəti barədə geniş danışdılar.
“Xocalı soyqırımı” kitabında 23 məqalə toplanmışdır. Mütəxəssis müəllimlərin yazdıqları bu məqalələrdə XX əsrin ən dəhşətli soyqırım hadisəsi olan Xocalı faciəsinin səbəbləri, dəhşətləri, nəticələri, həmçinin Xocalı soyqırımının tanıdılması, ona Beynəlxalq hüquq çərçivəsində qiymətin verilməsi məsələləri öz əksini tapmışdır. Kitab Tarix-coğrafiya fakültəsinin dekanı, tarix elmləri doktoru, professor Həsənbala Sadıqovun və baş müəllim Cavid Bağırzadənən redaktorluğu ilə çap olunmuşdur.