YAŞ MƏHDUDİYYƏTİ MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNMUŞDUR

Gəncə Dövlət Universitetinin Elmi Şurasının 03 oktyabr 2016-cı il tarixdə keçirilən iclasında yeni informasiya texnologiyalarının tədris prosesinə tətbiqini daha da sürətləndirmək, Avropanın təhsil ocaqları ilə əlaqələri genişləndirmək üçün  dövlətin təhsil sistemində gənclərin rolunun artırılması siyasətini əsas tutaraq 2017/2018-ci tədris ilindən başlayaraq professor-müəllim, tədris-köməkçi və texniki heyətinə yaş məhdudiyyətinin tətbiq olması məsələsi müzakirəyə çıxarılmışdır. Məsələdə yaşı 65-dən yuxarı, elmi ada və elmi dərəcəyə malik olmayan müəllimlərin (Bədən tərbiyəsi və idman, Musiqi fənnləri, Gənclərin çağırışaqədərki hazırlığı və mülki müdafiə kafedralarının əməkdaşları  istisna olmaqla), yaşı 75-dən yuxarı, elmi ada və elmi dərəcəyə malik olan müəllimlərin (elmlər doktorları və AAK tərəfindən professor attestatı verilmiş əməkdaşlar istisna olmaqla), yaşı 40-dan yuxarı, lakin doktoranturada, dissertanturada təhsil almayan, elmi-tədqiqat işləri ilə məşğul olmayan perspektivsiz müəllimlərin ixtisarları nəzərdə tutulmuşdur. Qeyd olunmuşdur ki, ixtisarlar zamanı əməkdaşın Azərbaycan Respublikası Prezidentinin sərəncamı və Təhsil Nazirinin əmri ilə təltif olunma, həmçinin dərs yükünün imkanları nəzərə alınmalıdır.

Müzakirələr zamanı tədris-köməkçi və texniki heyətin, təsərrüfat işçilərinin tərkibinin cavanlaşdırılması, bu sahədə olan işlərin daha səmərəli aparılması, fəallığın artırılması, tədrisin müasir tələblərə cavab verən kadrlarla təmin olunması məqsədilə 2016/2017-ci tədris ilinin sonunda yaşı 70-dən yuxarı olan tədris-köməkçisi və texniki heyətə daxil olan əməkdaşlar, həmçinin təsərrüfat işçiləri ilə bağlanmış müqaviləyə xitam verilməsi məqsədəuyğun  hesab edilmişdir.