YENİ TƏDRİS İLİ İLƏ BAĞLI GENİŞ İCLAS KEÇİRİLMİŞDİR

06 avqust 2016-cı il tarixdə 2016/2017-ci tədris ilinə hazırlıqla bağlı keçirilən iclasda universitetdə görülən işlər, həyata keçiriləcək tədbirlər və qarşıda duran məsələlər müzakirə olunmuşdur. İclasda prorektorlar, şöbə müdirləri, dekanlar və kafedra müdirləri iştirak etmişlər.

Rektor professor Yusif Yusibov ilk öncə iştirakçıları yeni tədris ili münasibətilə təbrik edib onlara can sağlığı və işlərində uğurlar arzuladı. Qeyd etdi ki, bu ilki qəbul planımız ən yüksək idi-1380 nəfər. Amma təəssüf ki,1299 nəfər qeydiyyatdan keçib. Psixologiya,məktəbəqədər təlim və tərbiyə, kimya, biologiya və digər  bir neçə ixtisaslarda qəbul planı yerinə yetməyib. Əsasən də rus qruplarında.  Biz bu məsələni ciddi araşdırmalı, səbəbini dəqiqləşdirməliyik.

Mövzu ilə bağlı  Leksika və ölkəşünaslıq kafedrasının müdiri dosent Sevda Kazımova, Pedaqogika və təhsilin əsasları  kafedrasının müdiri  dosent Allahverdi Quliyev, Pedaqoji fakültənin dekanı dosent Bayram Apoyev, Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri  dosent Mehdi Rəhimov çıxış edərək öz fikir və təkliflərini bildirdilər. Əsasən təhsil haqqının yüksək olmasını və təbliğatın zəifliyini başlıca amil kimi göstərdilər.

Professor Yusif Yusibov III və IY korpuslarda əsaslı təmir işlərindən də bəhs etdi. Hər iki tədris binasının sentyabr ayının 15-dək tələbə və müəllimlərin istifadəsinə veriləcəyini bildirdi. Eyni zamanda az müddətdə bu işlərin görülməsində xüsusi əməyi olan dekanlara, xüsusən İnzibati təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənova öz təşəkkürünü bildirdi.

Bundan sonra rektor aidiyyatı şöbə və dekanlıqlara tapşırıqlarını verdi. Onu da bildirdi ki, dərs saatı çatışmayan kafedralarda yaşı 65-i keçmiş dərəcəsiz, yaşı 75-i keçmiş dərəcəli müəllimlərə yarım ştatla dərs bölünsün. Perspektivi olan gənc kadrlara isə diqqəti artırmaq lazımdır. Elə kafedra var ki, əməkdaşı güclə universitetə gəlir, dərs deməkdə çətinlik çəkir. Belə əməkdaşlarla söhbət aparmaq lazımdır ki, öz yerini gənc nəsilə versin.

Təhsilin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Fəxrəddin Məmmədov yeni tədris ilinin başlaması ilə əlaqədar, dərs yüklərinin bölünməsi, jurnalların və sillabusların hazırlanması, mühazirə mətnlərinin elektron variantının tələbələrə çatdırılması və s. məsələləri diqqətə çatdırdı.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri dosent Maqbet Əhmədov əsaslı təmirlə bağlı az müddətdə görülən işlərə, tələbə və müəlimlərə müasir tələblər səviyyəsində şəraitin  yaradıldığına görə rektor professor Yusif Yusibova tələbə və müəllimlərin təşəkkür və minnətdarlığını çatdırdı.