YENİ TƏDRİS İLİNDƏ ELMİ ŞURANIN İLK İCLASI KEÇİRİLİB

Mütəxəssiləri – ali təhsil proqramlarının rəqabətqabiliyyətliliyi, müasirliyi və aktuallığı, məzunları – təhsilin keyfiyyəti, təhsil aldığı ali məktəbin nüfuzu və gələcək kariyeraları, istehlakçıları – məzunların praktik bilik və bacarıqları, dövləti – ölkənin iqtisadi inkişafı və ali təhsilə qoyulan investisiyalar, tələbələri və onların valideynlərini isə keyfiyyətli ali təhsil verən universitet seçimi maraqlandırır.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, bu fikirlər  Gəncə Dövlət Universitetində  keçirilən 2019-2020-ci tədris ilinin ilk Elmi Şurasında səsləndirilib.

Universitetin rektoru, Elmi Şuranın sədri, professor Yusif  Yusibov ilk olaraq  Anatomiya, fiziologiya və zoologiya kafedrasının müdiri, dosent  Vəfa Məmmədovanı  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş biologiya elmləri doktoru elmi dərəcəsi  münasibətilə Elmi Şura üzvləri adından təbrik edib.

Elmi Şuranın  yeni tədris ilində keçirilən ilk iclasında rektor,  qeyd edib ki, hər bir ölkənin tərəqqisi ilk növbədə həmin ölkədə elmin və təhsilin uğurlu inkişafından asılıdır.

Bildirilib ki, bu gün də Gəncə Dövlət Universitetinin çoxminlik kollektivi Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” haqqında sərəncamından irəli gələn vəzifələri həyata keçirmək üçün  Təhsil Nazirliyinin  apardığı islahatlarda və həyata keçirdiyi layihələrdə fəal iştirak edir və qarşıya qoyulan məqsədlərə çatmaq üçün fəaliyyətini davam etdirir.

Məlumat verilib ki, hazırda normativlər toplusunun təkmilləşdirilməsi, təhsildə yeni məzmunun əldə edilməsi, təlim texnologiyalarının və tədris vasitələrinin yeniləşdirilməsi, ali təhsil müəssisəsinin strukturunun və  idarəolunması sisteminin müasir tələblər baxımından modernləşdirilməsi, universitet və fakültə Elmi Şuralarının fəaliyyətinin yenidən təşkili, əmək bazarının tələbatına uyğun kadr hazırlığının təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin səmərliliyinin yüksəldilməsi, maddi-texniki və tədris bazasının müasir tələblərə uyğun qurulması, yeni maliyyələşmə siyasətinin hazırlanıb həyata keçirilməsi istiqamətində mühüm addımlar atılır.

Belə ki, universitetdə təhsilin daha da inkişaf etdirilməsi məqsədi ilə yeni Tədris Deportamenti yaradılacaq.

Son illər GDU-nun elmdə və təhsildə böyük uğurlar əldə etdiyini qeyd edən rektor Yusif Yusibov bildirib ki, indi əsas məsələ qazanılmış müsbət nəticələri inkişaf etdirmək və daha yeni nailiyyətlər əldə etməkdir.

İclasda ayrı-ayrı məsələlər üzrə prorektorların hesabatları  dinlənilib və geniş müzakirə edilib. Cari tədris ilində qarşıda duran vəzifələr və onların həlli yolları haqqında fikir mübadiləsi aparılıb.

Sonra rektor Yusif  Yusibov tərəfindən bir sıra nöqsanlər qeyd edilib və onların həlli istiqamətində vacib tapşırıqlar verilib.

İclas cari məsələlərin müzakirəsi ilə işini yekunlaşdırıb.