Beynəlxalq Müəllimlər günü
Gəncə Dövlət Universitetində Beynəlxalq Müəllimlər Günü münasibəti ilə həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin şərəfinə bayram tədbiri keçirilib.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, tədbirdə rektor, professor Yusif Yusibov 5 Oktyabr – Ümumdünya Müəllimlər Günü münasibətilə universitetin pedaqoji heyətini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Yusif Yusibov qeyd edib ki, Müəllimlər Günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram kimi qeyd olunur. Məhz həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. Ölkəmizdə isə Müəllimlər Günü 1993-cü ildən qeyd edilməyə başlanıb.
Rektor Yusif Yusibov vurğulayıb ki, “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılmasının qayğısına qalıb.
Bu gün isə elm və təhsilin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan edən Prezident İlham Əliyev yeni və müasir tələblərə cavab verən məktəblərin tikintisinə, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, müasir texnoloji avadanlıqlarla təmin ediməsinə xüsusi diqqət göstərir.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası Haqqında” Sərəncam imzaladıqdan dərhal sonra tədbirlər planı təsdiqləndi və icrasına başlanıldı. Qəbul edilən mühüm qərarlardan biri də “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”dır. Proqramda iki istiqamət üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Birinci istiqamət ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsini, ikinci istiqamət isə xaricdə doktorantura təhsili vasitəsilə universitetlərimizin akademik potensialının gücləndirilməsini nəzərdə tutur.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə isə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb.
Müstəqil Azərbaycanda təhsil sistemində aparılan irimiqyaslı islahatlar prosesi artıq dönməz xarakter alıb. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısı sayəsində milli təhsil sistemimizin hərtərəfli inkişafını təmin edəcək yeni-yeni layihələr reallaşdırılacaq. Bu da Azərbaycan təhsilini keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə çevirəcək”.
Qeyd olunub ki, Ölkə Başçısının təhsil sahəsində tapşırıq və sərəncamları Gəncə Dövlət Universitetinin inkişafına da öz töhfəsini verib. Universitetin tədris korpuslarında təmir-tikinti işləri aparılıb, 5-ci tədris korpusu tamamilə yenidən qurulub. Həmçinin universitetin maddi texniki bazası zənginləşdirilib, bir sıra fənn kabinetləri və laboratoriyalar yaradılıb. Tələbələrin sağlamlılığının qorunması və asudə vaxtlarının səmərəli keçməsi üçün idman zalları və meydançalar qurulub.
Belə ki, Ölkə Başçısı tərəfindən universitetin kitabxana və tələbə şəhərciyinin yenidənqurulması üçün 8 milyon manat vəsait ayrılıb. Təxminən üç aydan sonra Gəncə Dövlət Universitetinin yeni kitabxana və yataqxanaları istifadəyə veriləcək.
Sonra rəhbərliyin əmrinə əsasən universitetin bir qrup professor-müəllim, inzibati, tədris-köməkçi, təchizat-təsərrüfat işçilərinə mükafatlar təqdim olunub. Gənc kadrların hazırlanmasında uzun müddətli qüsursuz və səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 14 nəfər müəllim “Fəxri fərman”la təltif olunub. Digər 9 nəfər müəllimə isə “Təşəkkür” elan edilib.
Universitet AHİK-in sədri Afaq Qasımova çıxış edərək universitet kollektivini Ümumdünya Müəllimlər Günü münasibətilə təbrik edərək, 35 nəfər qabaqcıl müəllimin universitetin AHİK tərəfindən mükafata layiq görüldüyünü deyib.
Sonda Humanitar məsələlər üzrə prorektor, dosent Gülsüm Fətəliyeva müqəddəs peşənin daşıyıcıları, ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi olan bütün müəllimləri Ümumdünya Müəllimlər Günü münasibəti ilə təbrik edərək, onlara uğurlar arzulayıb.
Musiqi fənləri kafedrasının rəhbərliyi ilə hazırlanan və tələbələrin ifasında təqdim olunan konsert müəllimlərə xüsusi hədiyyə olub.