Elmi Şurada vacib məsələlərlə bağlı qərar qəbul olunub
Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib.
İclas öz işinə başlamazdan öncə 25-26 sentyabr 2025-ci il tarixdə Qazaxıstanda keçirilən beynəlxalq konfransda Ümumi tarix kafedrasının dosenti Saidə İsmayılzadənin Ç.Ç.Vəlixanov adına Tarix Etnologiya İnstitutunun 80 illiyinə həsr edilmiş medalla təltif olunması haqqında məlumat verilib və bu münasibətlə əməkdaşımıza təbriklər söylənilib.
İclasda rektor Yusif Yusibov Ümumi pedaqogika kafedrasının əməkdaşı Təhminə Nəbiyevanı Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisası üzrə dosent elmi adı alması münasibətilə təbrik edib, ona Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş diplomu təqdim edərək elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra rektor Yusif Yusibov Şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.
Tədris Departamentinin 2025/2026-cı tədris ilinə dair fəaliyyət planı haqqında departamentin direktoru Elturan Yusifovun, Keyfiyyətin Təminatı Mərkəzinin 2025/2026-cı tədris ilində qarşıya qoyduğu vəzifələrə dair mərkəzin direktoru İsmayıl İsmayılovun, İnsan resursları şöbəsində mövcud vəziyyət və gələcək hədəflər barədə şöbənin müdiri Gülcöhrə Tağıyevanın, Kitabxana və İnformasiya Mərkəzinin mövcud vəziyyəti və 2025/2026-cı tədris ilinə dair nəzərdə tutulan hədəflər haqqında mərkəzin müdiri Ayşən Əhmədovanın ətraflı məruzələri dinlənilib.
Gündəlikdə duran bütün məsələlər müzakirə olunaraq Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.
İclasda idarəetmənin optimallaşdırılması məqsədilə islahatlar çərçivəsində Xarici dillər fakültəsi ilə Filologiya fakültəsinin birləşdirilməsi, eləcə də həmin fakültəyə yeni adın verilməsi məsələləri Elmi Şura üzvləri tərəfindən ətraflı müzakirə olunub, səsverməyə çıxarılaraq yekdilliklə təsdiq edilib.
Rektor Yusif Yusibov tədrisin keyfiyyətinin daha da yüksəldilməsinə, əmək intizamının möhkəmləndirilməsinə və tələbələrə diqqətin daha da artırılmasına dair vacib olan məsələlərlə bağlı tapşırıqlar verib.
İclas cari məsələlərin müzakirəsi ilə başa çatıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti






