“Engage” layihəsi çərçivəsində “İnnovasiyada İsveç Təcrübəsi” adlı təlim təşkil olunub

Gəncə Dövlət Universitetinin tərəfdaş kimi iştirak etdiyi, Mingəçevir Dövlət Universitetinin isə koordinatorluğunu həyata keçirdiyi, Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) Erasmus+ layihəsi çərçivəsində növbəti təlim sessiyaları təşkil olunub.

Təlimlərdə universitetin professor-müəllim heyəti, inzibati əməkdaşlar və tələbələr iştirak edib. Tədbirin əvvəlində iştirakçılara ENGAGE layihəsinin əsas məqsədləri, fəaliyyət planı və layihə çərçivəsində həyata keçirilən tədbirlər barədə ətraflı təqdimat olunub. Layihənin ali təhsil müəssisələrində sahibkarlıq düşüncəsinin təşviqi, innovativ təşəbbüslərin dəstəklənməsi və dayanıqlı ekosistemin formalaşdırılmasındakı rolu xüsusi vurğulanıb.

Təlimin davamında innovasiya anlayışı, onun müasir cəmiyyətdə və ali təhsildə rolu, innovasiyanın əsas növləri, eləcə də sosial innovasiya mövzuları geniş şəkildə izah edilib. İştirakçılara sosial innovasiyanın cəmiyyətin sosial problemlərinin həllində, davamlı inkişaf məqsədlərinə nail olunmasında və sosial rifahın artırılmasında əhəmiyyəti barədə məlumat verilib.

Eyni zamanda innovasiya sahəsində İsveçin qabaqcıl təcrübəsi, bu ölkədə universitet–sənaye əməkdaşlığı, startapların dəstəklənməsi mexanizmləri və innovativ ekosistemin formalaşdırılması istiqamətində həyata keçirilən uğurlu modellər iştirakçıların diqqətinə çatdırılıb. Təlim interaktiv müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.