Gəncə Dövlət Universitetində “Dünənin və bu günün Ekoloqları” adlı tədbir keçirilib

   Gəncə Dövlət Universitetinin Kimya-biologiya fakültəsinin Ekologiya və təbiəti mühafizə kafedrası tərəfindən “Dünənin və bu günün Ekoloqları” adlı tədbir keçirilib. Tədbirdə Ekologiya və təbiəti mühafizə kafedrasının şəhid məzunlarının ailə üzvləri, eləcə də kafedranın məzunları iştirak ediblər.

    Əvvəlcə qonaqlar Ekologiya və təbiəti mühafizə kafedrasının məzun şəhidləri  Elgün Xıdırov və Səməndər İmanovun adını daşıyan auditoriya ilə tanış olublar. Hər iki şəhidin oxuduğu tələbəlik illərindən, eləcə də İkinci Qarabağ müharibəsində onların göstərdikləri şücaətdən danışıblar.

   Daha sonra  beşinci tədris korpusunda keçirilən  “Dünənin və bu günün Ekoloqları” adlı tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

  Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək qonaqları salamlayıb və keçirilən tədbirin əhəmiyyətindən danışıb. Prorektor qeyd edib ki, bütün dünyada olduğu kimi ölkəmizdə də savadlı ekoloqlara ehtiyac var. Çünki dünyada baş verən iqlim dəyişiklikləri, eləcə də digər ekoloji proseslər bunu əsaslandırır. Savadlı ekoloqların yetişdirilməsində GDU-nun Ekologiya və təbiəti mühafizə kafedrasının əməyi böyükdür. Məhz elə bunun nəticəsidir ki, kafedranı bitirən məzunların 80 faizdən çoxu da öz ixtisasları üzrə işləyirlər.

   Tədbirdə  Kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev, Universitetin Təcrübə və karyera şöbəsinin müdiri  Cabbar Qarayev, Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri Sevda Əhmədova da çıxış edərək şəhid ailələrinə, eləcə də məzunlara bu tədbirə gəldikləri üçün minnətdarlıqlarını bildiriblər. O da diqqətə çatdırılıb ki, yaşadığımız mühiti qorumaq, ətraf mühitin qayğısına qalmaq hər kəsin borcudur. Ekologiyanın və ətraf mühitin mühafizəsi məsələsi daim ölkəmizin diqqət mərkəzində olub. Çıxış edənlər onu da vurğulayıblar ki,  dövlətimizin siyasətinin əsas prioritet sahələrindən biri də yaşıllıq ərazilərin çoxaldılması, ekoloji cəhətdən çirklənmiş torpaqların bərpa edilərək yenidən istifadəyə qaytarılması, qoruqların mühafizə sisteminin yaxşılaşdırılması, flora və faunanın təkmilləşdirilməsidir. 

   Tədbirdə şəhid məzun Elgün Xıdırovun övladına və Səməndər adı daşıyan Səməndər İmanovun qardaşı oğluna hədiyyələr  təqdim olundu. Şəhid Elgün Xıdırovun həyat yoldaşı, eləcə də şəhid Səməndər İmanovun anası da çıxış edərək onları bu tədbirə dəvət edikləri üçün minnətdarlıqlarını bildiriblər.

Məzunlar da tədbirdə çıxış edərək onları bir araya gətirərək xoş duyğular, gözəl anlar yaşatdıqları üçün təşkilatçılara təşəkkürlərini çatdırıblar.  

Tədbirdə video çarx izləndikdən sonra  tələbələr şeirlər söyləyib, mahnılar ifa ediblər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti