GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ ELMİ ŞURANIN İCLASI KEÇİRİLİB

Gəncə Dövlət Universitetində (GDU) Elmi Şuranın  növbəti iclası keçirilib. Universitetin rektoru Yusif Yusibov iclası giriş sözü ilə açaraq Şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.

Elmi Şurada gündəlikdə duran məsələlər –  Fakültələrdə payız imtahan sessiyasının yekunları ilə əlaqədar sənədlərin yoxlanması üçün yaradılmış komissiyaların ümumiləşdirilmiş məlumatına dair Tədris Departamentinin direktoru Elturan Yusifovun,  Universitetin fəaliyyəti ilə bağlı orta məktəblərdə aparılan təbliğat işləri haqqında Təcrübə və karyera şöbəsinin müdiri Сabbar Qarayevin çıxışları dinlənilib.  

İclasda gündəlikdə duran bütün məsələlər müzakirə olunaraq Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.

İclasda Vəfa Məmmədovanın Anatomiya, fiziologiya və zoologiya kafedrasında vakant olan  professor vəzifəsini, Gültəkin Qasımovanın Ekologiya və təbiəti mühafizə kafedrasında, İlham Məmmədovun və Rimunə Hüseynovanın Azərbaycan tarixi kafedrasında vakant olan dosent vəzifələrini tutmaları məsələsi gizli səsvermə yolu ilə qəbul edilib.

İclasda o da diqqətə çatdırılıb ki, İbtidai  sinif müəllimliyi ixtisası üzrə proqram akkreditasiyası ilə bağlı hazırlanmış yeni Fəaliyyət Planı razılaşdırmaq məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) göndərilmiş və nəticədə TKTA tərəfindən sənədin icrasına razılıq verilmişdir.

İclasda Tədris departamentinin direktoru və Strateji Planlaşdırma Şurasının üzvü Elturan Yusifov universitetin strateji planının yenilənməsi və təkmilləşdirilməsi üçün aparılmış GZİT (SWOT) analizi, ümumi strateji təhlil və əsas strateji tövsiyələr haqqında məlumatı təqdim edib. Sonra strateji planda qeyd edilmiş maraqlı tərəflər, onların prioritetləşdirilməsi haqqında məlumatı paylaşmış, maraqlı tərəflərin qiymətləndirilməsi və əlaqələndirilməsi ilə bağlı hazırlanmış cədvəli diqqətə çatdırmış, və son olaraq maraqlı tərəflərin təsir/əhəmiyyət matrisi haqqında məlumat vermişdir.

İclasda İbtidai  sinif müəllimliyi ixtisası üzrə proqram akkreditasiyası ilə bağlı hazırlanmış Fəaliyyət Planı  Elmi Şura üzvləri tərəfindən müzakirə olunub və sənəd səsə qoyularaq yekdilliklə təsdiq edilib.

Daha sonra  rektor Yusif Yusibov tədrisin keyfiyyətinin daha da yüksəldilməsinə, əmək intizamının möhkəmləndirilməsinə dair vacib olan məsələlərlə bağlı tapşırıqlar verib.

İclas cari məsələlərin müzakirəsi ilə başa çatıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti