Gəncə Dövlət Universitetində Elmi Şuranın iclası keçirilib

Gəncə Dövlət Universitetində (GDU) Elmi Şuranın  növbəti iclası keçirilib.  İclas öz işinə başlamazdan öncə  universitetin rektoru Yusif Yusibov  Psixologiya kafedrasının baş müəllimi Arzu Bağırzadənin Ümumi psixologiya ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması münasibətilə təbrik edib,  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası  tərəfindən verilmiş diplomu təqdim edərək elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıb.

 Daha sonra rektor Yusif Yusibov Şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.

Elmi Şurada gündəlikdə duran məsələlər – universitetin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadənin Doktorantura və dissertanturada mövcud vəziyyət, elmi kadrların hazırlığının daha da yaxşılaşdırılması, Tədris departamentinin direktoru Elturan Yusifovun Yaz imtahan  sessiyasının gedişi, İnnovasiyalar departamentinin direktoru Vasif Həsənovun Akkreditasiya Komissiyasının tövsiyələri ilə əlaqədar hazırlanmış fəaliyyət istiqamətlərinə uyğun yerinə yetirilmiş işlər, Pedaqoji fakültənin dekanı Zaur Hüseynzadənin İbtidai sinif müəllimliyi üzrə akkreditasiyanın yekun hesabatında göstərilən tövsiyə və göstərişlərin icrasının təmin edilməsi məqsədilə universitetdə 2024/2025-ci tədris illəri ərzində icra ediləcək tədbirlərlə bağlı  hazırlanmış Fəaliyyət Planının may ayı üzrə icrası və İnsan resursları şöbəsinin müdiri Gülcöhrə Tağıyevanın İnsan resursları şöbəsinin 2024/2025-ci tədris ilinə dair geniş hesabatları dinlənilib.

Gündəlikdə duran bütün məsələlər müzakirə olunaraq Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.

İclasda GDU-da elan edilən “İlin Magistrantı” nominasiya müsabiqəsi, eləcə də yeni layihələr, təlimlər, ustad dərsləri və  universitetin beynəlxalq elmi əlaqələrinin daha da gücləndirilməsi üzrə həyata keçirilən işlər haqqında müzakirələr aparılıb.

Rektor Yusif Yusibov tədrisin keyfiyyətinin daha da yüksəldilməsinə və əmək intizamının möhkəmləndirilməsinə dair vacib olan məsələlərlə bağlı tapşırıqlar verib.

 İclas cari məsələlərin müzakirəsi ilə başa çatıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti