Gəncə Dövlət Universitetində Elmi Şuranın iclası keçirilib
Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib.
Elmi Şura öz işinə başlamazdan əvvəl universitetin rektoru Yusif Yusibov Psixologiya kafedrasının baş müəllimi Pərvanə Məmmədovanın psixologiya üzrə fəlsəfə doktoru, Leksika və ölkəşünaslıq kafedrasının baş müəllimi Türkan Zeynalovanın filologiya üzrə fəlsəfə doktoru, Təhsilin pedaqogikası və metodikası kafedrasının müəllimi Samirə Nurməhəmmədinin pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaları münasibətilə təbrik edib, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş müvafiq diplomları təqdim edərək, onlara elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.
İclasda uzunmüddətli səmərəli fəaliyyətləri və yubileyləri münasibətilə Azərbaycan dili kafedrasının müdiri, professor Telman Quliyevə, Qrammatika və ingilis dilinin tədrisi kafedrasının dosenti Rasim Adilova universitet rektorunun imzaladığı Fəxri Fərman və pul mükafatı təqdim edilib.
GDU Tələbə Gənclər Təşkilatının sədri Fuad Dadaşov Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının idarə heyətinə üzv seçilməsi münasibətilə təbrik olunub.
Sonra Elmi Şura öz işinə başlayıb. Rektor Yusif Yusibov iclası giriş sözü ilə açaraq Şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.
Elmi Şurada Beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində görülən işlər haqqında Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Ruslan Məmmədovun geniş məruzəsi dinlənilib. Məruzədə əcnəbi tələbələr, beynəlxalq layihələr və əməkdaşlıq, beynəlxalq elmi tədqiqat və pedaqoji imkanlar, konfrans və beynəlxalq reytinqlərdə iştirak, ikili diplom proqramı, gələcək perspektivlər və qarşıda duran vəzifələrdən danışılıb.
Daha sonra Menecment və turizm işi kafedrasının müdirinin 5 illik fəaliyyətinə dair hesabatı, həmçinin komissiya sədrinin arayışları dinlənilib.
Gündəlikdə duran bütün məsələlər müzakirə olunaraq Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.
Elmi Şuranın iclasında Aytən Əhmədovanın “Azərbaycan dili” ixtisası, Ramidə Quliyevanın “Botanika” ixtisası, Təranə Behbudovanın “Vətən tarixi” ixtisası, Ülviyyə Bayramovanın “German dillləri” ixtisası üzrə dosent elmi adını almağa dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatətin qaldırılması məsələsi gizli səsvermə yolu ilə qəbul olunub.
İclas qarşıda duran vəzifələr və cari məsələlərin müzakirəsi ilə başa çatıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti