Gəncə Dövlət Universitetində (GDU) “Məzun Günü” keçirilib
Gəncə Dövlət Universitetində (GDU) keçirilən “Məzun günü” böyük coşqu və sevinclə qeyd olunub.
Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu Recep Öztop, YAP Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov, millət vəkili Pərvin Kərimzadə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin müşaviri Pərvanə İsmayılova, Vətən müharibəsi qaziləri, ali təhsil müəssisəsinin professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan “Məzun günü”ndə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi yad edilib.
Universitetin rektoru Yusif Yusibov məzunları təbrik edərək onlara gələcək həyatlarında və karyeralarında uğurlar arzulayıb, GDU məzunlarının bacarıqlı mütəxəssis olacağına inandığını bildirib. Gənclərə vətəninə, millətinə layiqli vətəndaş olmağı və bu ali təhsil ocağının adını daim uca tutmağı tövsiyə edib.
Ölkəmizdə təhsilə və elmə göstərilən dövlət qayğısından danışan rektor son illər ərzində universitetin beynəlxalq reytinqlərdə artan nüfuzundan, müasir dövrün tələblərinə cavab verən yüksək ixtisaslı kadr hazırlığından və tələbələr üçün yaradılan imkanlardan söhbət açıb, 2024/2025-ci tədris ilində universitetdən ümumilikdə 2030 tələbənin məzun olduğunu bildirib. O da diqqətə çatdırılıb ki, son illər Gəncə Dövlət Universiteti maddi-texniki bazasını gücləndirmiş və əmək bazarında rəqabətə davamlı kadr potensialının formalaşmasına nail olmuşdur. Universitet yüksək ixtisaslı pedaqoji və elmi kadrların hazırlanması istiqamətində, tədris prosesinin, elmi-tədqiqat işlərinin təşkilində uğurlar qazanaraq ölkəmizin qabaqcıl ali təhsil müəssisəsinə çevrilmişdir. Azərbaycanın tanınmış ictimai, siyasi, elm və mədəniyyət xadimləri arasında Gəncə Dövlət Universitetinin çox sayda məzunları vardır. GDU-nun xeyli əməkdaşı və tələbəsi fəxri ad, orden və medallara, eləcə də müxtəlif təltiflərə layiq görülmüşdür.
Rektor Yusif Yusibov onu da diqqətə çatdırıb ki, Gəncə Dövlət Universitetində təhsil alan tələbələrin sayı son 10 ildə 4 mindən 8 minə qədər yüksəlib. Bir vaxtlar yalnız pedaqoji ixtisaslar üzrə kadr hazırlayan universitetdə indi müxtəlif istiqamlərə aid bakalavriat səviyyəsi üzrə 45 ixtisas, magistratura səviyyəsi üzrə 36 ixtisas üzrə 65 ixtisaslaşmaya aid kadrlar hazırlanır, 33 doktorant və 32 dissertant elmi-tədqiqat işlərinə cəlb olunur. Universitetin pedaqoji ixtisaslarını bitirən məzunların əksəriyyəti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən orta məktəblərdə mövcud olan vakant müəllim yerlərinə keçirilən müsabiqədə fəal iştirak edərək uğur qazanır, bəzi məzunlar isə şirkətlər, dövlət qurumları tərəfindən təşkil olunan imtahanlarda iştirak edirlər. Universiteti bitirən məzunlar Dövlət Qulluğuna aid olan vakansiyaları tutmaq üçün DİM tərəfindən keçirilən imtahanlarda da son illər uğurlu nəticələr əldə etmişlər. Gəncə Dövlət Universitetində professor-müəllim heyəti və tələbələrin mobilliyinin artırılması, müxtəlif proqramlar çərçivəsində təlimlərdə iştirakının gücləndirilməsi məqsədilə yerli və beynəlxalq layihələrə qoşulub və dünyanın nüfuzlu ali məktəbləri ilə ikitərəfli əməkdaşlıq əlaqələri uğurla davam edir.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında məzunlara səmimi ürək sözlərini çatdırıb, Gəncə Dövlət Universitetinin məzunları arasında Azərbaycanın ictimai-siyasi həyatına layiqli töhfələr verən şəxslərin olduğunu bildirib. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı məzunların peşəkar mütəxəssis, cəmiyyətimiz və Vətənimiz üçün uğurlu insan olacağına əminliyini bildirib.
Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu Recep Öztop tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmlənməsində gənclərin rolunu vurğulayıb.
YAP Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov, millət vəkili Pərvin Kərimzadə və Universitetin Leksika və ölkəşünaslıq kafedrasının müdiri Sevda Kazımova Gəncə Dövlət Universitetini bir dəyər kimi daim yüksək tutmağı, yiyələndikləri peşədən asılı olmayaraq, dövlətimizin müstəqilliyini, xalqımıza məxsus nəcib dəyərləri qorumağı, doğma Azərbaycanımızın daha da inkişaf etməsi və güclənməsi üçün əzmlə, ləyaqətlə, fədakarlıqla çalışmağı tövsiyə ediblər və onlara bu vacib, şərəfli yolda uğurlar diləyiblər.
Məzun valideyni Əli Verdiyev çıxış edərək universitet məzunlarını təbrik edib, ali təhsil ocağında yüksək ixtisaslı kadr hazırlığı ilə yanaşı, gənclərin vətənpərvər ruhunda yetişdirilməsinə önəm verən univseritet rəhbərliyinə təşəkkür bildirib.
Filologiya fakültəsinin məzunu Nigar Məmmədova GDU-nun məzunu olmaqdan qürur duyduğunu dilə gətirib, tələbələrə göstərilən yüksək diqqət və qayğıya görə universitetin rəhbərliyinə və müəllimlərə minnətdarlığını ifadə edib. Digər məzunlar da səhnəyə çıxaraq öz təşəkkürlərini bildirdilər və tələbə yoldaşlarına uğurlar arzuladılar.
Tədbirdə təhsildə göstərdikləri yüksək nəticələrə və ictimai işlərdə fəal iştiraka görə, eləcə də tədqiqat yönümlü fəaliyyətlərdə nümayiş etdirdiyi peşəkar yanaşma, innovativ elmi baxışları və yüksək akademik göstəriciləri ilə seçilən “İlin magistrantı” nominasiyasının qalibi olan bir qrup məzuna Fəxri fərman təqdim olunub.
“Məzun Günü” konsert proqramı ilə davam edib və möhtəşəm atəşfəşanlıqla başa çatıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti