Gəncə Dövlət Universitetində narkomaniyanın zərərləri ilə bağlı maarifləndirici tədbir keçirilib
Gəncə Dövlət Universitetində “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” adlı tədbir keçirilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq müasir dövrün bəlalarından olan narkomaniya və onun fəsadları barədə danışıb. Gənclərin zərərli vərdişlərdən qorunması və onların savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən dövlət proqramlarından ətraflı bəhs edib.
Tədbirdə narkomaniyanın zərərləri ilə bağlı videoçarx nümayiş etdirilib.
Universitetin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə diqqətə çatdırıb ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. Gəncləri daha düzgün və uğurlu yola yönləndirmək isə valideynlərdən, əsasən də müəllimlərdən asılıdır.
Tədbirdə Kəpəz ailə-sağlamlıq Mərkəzinin həkim-terapevtləri- Amina Cabbarova “Ağ ölümə qarşı birgə mübarizə aparaq”, Nailə Pənahova “Gələcəyimizi narkomaniyaya qurban verməyək”, Mina Əlizadə “Zərərli vərdişlərin fəsadlarının aradan qaldırılmasının yolları”, Nübubət Nəsibova “Sağlam düşüncə sağlam həyat tərzidir” və GDU-nun Tədrisin təşkili və idarə olunması sektorunun müdiri Sevinc Quliyeva “Narkomaniya – insanların faciəsi” adlı məruzələrlə çıxış ediblər.






