Gəncə Dövlət Universitetində tanınmış şair Qəşəm Nəcəfzadə ilə görüş keçirilib
Gəncə Dövlət Universitetinin beşinci tədris korpusunda Əməkdar mədəniyyət işçisi, “Azərbaycan” Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Uşaq ədəbiyyatı şöbəsinin rəhbəri, şair Qəşəm Nəcəfzadə ilə müəllim və tələbələrin görüşü keçirilib. Tədbirdə əvvəlcə şairin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib.
Tədbirdə Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək qonaqları salamlayıb, şair Qəşəm Nəcəfzadənin ədəbiyyata verdiyi töhfələrdən danışıb, onun əsərlərinin Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu vurğulayıb. Prorektor qeyd edib ki, tanınmış şair Qəşəm Nəcəfzadə Gəncə Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Şair elə tələbəlik, gənclik illərində də gözəl şerlərini yazıb.
Millət vəkili, Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə çıxışında Qəşəm Nəcəfzadənin yaradıcılığından danışarkən onun oxucuya özünü müəllif kimi hiss etdirməyi bacarmasından, Azərbaycan poeziyasında özünəməxsus yerə malik olmasından, eləcə də əsərlərindəki səmimiyyətin insan qəlbinə yol tapmasından bəhs edib.
Şairin qələm dostları da çıxış edərək onun Azərbaycan ədəbiyyatının poetik nəfəsi ilə seçilən ən parlaq nümayəndələrindən biri, son dərəcə təbii və özünəməxsus təbiətli, cəmiyyətə, ümumbəşəri dəyərlərə nüfuz edən istedadlı şair olduğunu diqqətə çatdırıblar. Ona həyatında və gələcək yaradıcılığında uğurlar arzuladılar.
Tədbirdə Qəşəm Nəcəfzadə bu görüşün keçirilməsi üçün Gəncə Dövlət Universitetinin rəhbərliyinə minnətdarlığını bildirib. Oxucularına təşəkkür edərək, onların dəstəyi və marağı sayəsində yaradıcılığını daha da inkişaf etdirdiyini bildirib.
Sonda tələbələr Qəşəm Nəcəfzadənin şeirlərini səsləndirdilər, eləcə də şairə suallar ünvanladılar. Sualları cavablandıran Qəşəm Nəcəfzadə tələbələrə yeni çapdan çıxan “Unutmaq haqqında sevgi dərsləri” və “ Bir gözəl qadın ölür” adlı kitablarını hədiyyə etdi.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti