Gəncə Dövlət Universitetində Türkiyədə Demokratiyanın İnkişafına Həsr Olunmuş Ustad Dərsi
2025-ci il mayın 23-də Gəncə Dövlət Universitetində müasir siyasi sistemlərin transformasiyası və demokratik institutların möhkəmlənməsi sahəsində aktual mövzulardan birinə həsr olunmuş “Türkiyədə demokratiya prosesinin inkişafı” mövzusunda ustad dərs təşkil olundu.
Ustad dərsi ilə çıxış edən Türkiyənin Doqquz Eylul Universitetinin dosenti, tarix elmləri üzrə tanınmış tədqiqatçı Selma Göktürk Çetinkaya Türkiyədə demokratik institutların təşəkkül tapması və təkamül yolu barədə geniş və faktlara əsaslanan təqdimatla çıxış etdi. O, Osmanlıdan müasir Türkiyə Cümhuriyyətinə keçid, çoxpartiyalı sistemin formalaşması, ordu-siyasət münasibətləri, insan hüquqları və vətəndaş cəmiyyətinin rolu kimi mühüm mərhələləri təhlil etdi.
Təqdimat zamanı həmçinin Türkiyədə baş vermiş siyasi islahatlar, konstitusiya dəyişiklikləri və demokratikləşmə sahəsində Avropa İttifaqı ilə əlaqələrə də toxunuldu. Dosent Çetinkaya mövcud çətinlikləri və gələcək perspektivləri qeyd edərək, Türkiyənin demokratik inkişaf modelinin region ölkələri üçün mühüm örnək təşkil edə biləcəyini vurğuladı.
Ustad dərsində universitetin rəhbərliyi, professor-müəllim heyəti, magistrantlar və siyasi elmlərlə maraqlanan tələbələr fəal iştirak etdilər. Təqdimatın ardından geniş müzakirələr aparıldı, iştirakçıların sualları cavablandırıldı və fikir mübadiləsi həyata keçirildi.
Tədbirin sonunda Gəncə Dövlət Universitetinin rəhbərliyi tərəfindən dosent Selma Göktürk Çetinkayaya dərin təşəkkür ifadə olundu və gələcəkdə birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi məsələləri müzakirə edildi.
Bu kimi elmi tədbirlər GDU-da akademik mühitin beynəlxalqlaşmasına, tələbə və müəllimlərin elmi dünyagörüşünün genişlənməsinə, eyni zamanda qlobal siyasi proseslərə dair biliklərin artırılmasına mühüm töhfə verir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti