Gəncə Dövlət Universitetində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Gəncə Dövlət Universitetində “Qan yaddaşımız” adlı tədbir keçirilib.
Tədbirdən öncə Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş rəsm və kitab sərgisi təşkil olunub. Universitetin rektoru Yusif Yusibov və professor-müəllim heyəti GDU tələbələrinin əl işlərindən ibarət rəsm əsərlərinə və kitablardan ibarət guşəyə baxış keçiriblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarını verən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən videoçarx nümayiş olunub.
Gəncə Dövlət Univesitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək 1992-ci il fevralın 25-dan 26-na keçən gecə Xocalıda törədilən faciədə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, bu kütləvi qırğında yüzlərlə insanın vəhçicəsinə qətlə yetirilməsindən, yandırılmasından və girov götürülməsindən danışıb. Qeyd edib ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı baş verdi. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı şəhəri işğalın nəticəsində xarabalığa çevrildi. Prorektor Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə söhbət açıb. Diqqətə çatdırıb ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasət bu gün dövlət başçısı Cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Rektorun baş müşaviri Asif Cavadov çıxışında bildirib ki, Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokostsoyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Universitetin Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfər nəticəsində Xocalı soyqırımı qurbanlarının, eləcə digər şəhidlərimizin qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan tamamilə təmizləndi. Dövlət başçısı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını bir daha sübuta yetirdi.
Tədbirdə çıxış edən Gəncə Dövlət Universitetinin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova Xocalıda törədilən faciənin acılarından söz açıb, bu dəhşətli qətliamın və onun ağır nəticələrinin unudulmamasının vacibliyini vurğulayıb. Afaq Qasımova onu da diqqətə çatdırıb ki, “Xocalıya Ədalət” beynəlxalq maarifləndirmə kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir.
Tədbirdə Ümumi tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarlının “ Xocalı dəhşəti – XX əsrin faciəsi”, Azərbaycan tarixi kafedrasının baş müəllimi Tünzalə Cahangirovanın “Xocalı faciəsi tariximizin qan yaddaşı”, Sosial fənlər kafedrasının baş müəllimi Üzeyir Balakişiyevin “Xocalı faciəsi XX əsrin ən böyük soyqırımıdır”, Fizika və texniki fənlər fakültəsinin tələbəsi Ülviyyə Məmmədlinin “Xocalı harayı” məruzələri dinlənilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti