GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN PROFESSOR –MÜƏLLİM HEYƏTİ AĞSTAFADA GÖRÜŞ KEÇİRİB

             Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti Ağstafa rayon Təhsil sektorunda orta ümumtəhsil məktəblərinin yuxarı sinif  şagirdləri ilə görüş keçirib.

    Ağstafa rayon Təhsil sektorunun əməkdaşları Afiq Salıyov və Vüsalə Salahova çıxışında qeyd edib ki, görüşün əsas məqsədi Gəncə Dövlət Universiteti ilə rayonda fəaliyyət göstərən ümumtəhsil məktəbləri arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi və GDU-da tədris olunan ixtisaslar barədə şagirdlərin məlumatlandırılmasıdır.

     Universitetin işçi qrupunun üzvləri dosent Z.Ələsgərov, dosent A.Quliyev, dosent C.Qarayev, dosent C.Bağırzadə, dosent M. Orucov, dosent E.Atakişiyev universitetdə tədris olunan ixtisaslar, fakültələr, ali məktəbin beynəlxalq əlaqələri və digər rayonlarda şagirdlərlə keçirilən görüşlər haqqında danışıblar.

    Görüşdə Gəncə Dövlət Universitetinin tədris binaları, laboratoriyaları, kitabxanaları, idman zalları və tələbə yataqxanası haqqında olan məlumatları əks etdirən videoçarx nümayiş olunub.

     Ağstafa rayon orta ümumtəhsil məktəbinin müəllimi Solmaz Kərimova çıxış edərək Gəncə Dövlət Universitetinin məzunu olduğu üçün fəxr etdiyini bildirib və görüşün əhəmiyyətindən danışıb.

    Sonda şagirdlərə universitetin fəaliyyətini əks etdirən bukletlər, diyircəkli qələmlər və blaknotlar təqdim edilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti