Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti Goranboy rayonunda görüş keçirib
Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti Goranboy rayon təhsil sektorunda müəllim və şagirdlərlə görüşüblər. Tədbirdə Goranboy rayon təhsil sektorunun əməkdaşı Nicat Hümbətov çıxış edərək bildirib ki, bu görüşün keçirilməsində əsas məqsəd Gəncə Dövlət Universiteti ilə rayon orta ümumtəhsil məktəbləri arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin yaradılması və şagirdlər ali məktəbin fəaliyyəti barədə ətraflı məumat verməkdir.
Daha sonra tədbirdə çıxış edən Gəncə Dövlət Universitetinin işçi qrupunun üzvləri- dosent Cabbar Qarayev, dosent Cavid Bağırzadə və dosent Məhərrəm Orucov ali məktəbin fakültələri, ixtisasları, tədris binaları, kitabxanaları və tələbə yataqxanası haqqında ətraflı məlumat veriblər. Eyni zamanda o da diqqətə çatdırılıb ki, Türkiyə respublikasının İzmir Dokuz Eylül Universiteti Azərbaycanda ilk olaraq Gəncə Dövlət Universiteti ilə ikili diplom proqramını həyata keçirir. Bu proqram hər iki universitetin müəllim və tələbələri üçün təhsil və elm sahəsində yeni imkanlar yaradacaqdır.
Tədbirdə təlimin texniki vasitələrinin (slayd formasında) köməyi ilə Gəncə Dövlət Universitetinin fəaliyyəti geniş şəkildə nümayiş etdirilib. Eyni zamanda şagirdlərə Universitetin fəaliyyətini əks etdirən bukletlər, diyircəkli qələmlər və blaknotlar təqdim edilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti