Gəncə Dövlət Universitetində “Xurşidbanu Natəvanın 190 illiyi”nə həsr olunmuş elmi seminar keçirilmişdir
Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadənin rəhbərliyi, universitetin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Filologiya fakültəsində klassik poeziyamızın parlaq nümayəndələrindən biri- şairə “Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi”nə həsr olunmuş elmi seminar keçirilmişdir.
Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilmiş və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadənin, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Maqbet Əhmədovun, Azərbaycan dili kafedrasının müdiri, professor Telman Quliyevin, filologiya üzrə fəlsəfə doktoru Mehriban Məmmədovanın, filologiya üzrə fəlsəfə doktoru Mətanət Mahmudovanın və tələbələrin iştirakı ilə keçirilən seminarda Xurşidbanu Natəvanın həyat və yaradıcılığı haqqında ətraflı söhbət açılmışdır.
Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə qeyd etmişdir ki, Xurşidbanu Natəvanın yaradıcılığı hər zaman diqqət mərkəzində olmuş, xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilmişdir. 1960-cı ildə Bakıda şairənin heykəli, 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılmışdır. Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərək buradakı tarixi-memarlıq və mədəniyyət abidələrini vandalcasına dağıdarkən güllə ilə zədələdikləri həmin büst 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusu tərəfindən azad olunduqdan sonra əzəli məkanına qaytarılmışdır. Bu gün Natəvanın Şuşada yenidən ucalan və möhtəşəm Zəfərimizin təntənəsini nümayiş etdirən büstü, eyni zamanda, xalqımızın milli mədəni irsə qayğısının rəmzi və mənəvi dəyərlərə ehtiramının təzahürüdür.
Tədbirdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Vüsal İsgəndərov və tələbələr Xurşidbanu Natəvanın yaradıcılığına müraciət etmiş, qəzəllərindən nümunələr söyləmiş, yazdıqları məqalələri səsləndirmişlər.
Tədbirin sonunda tələbələr tərəfindən Aleksandr Düma ilə Natəvanın görüşündən bəhs edən səhnəcik göstərilmişdir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti